Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş iki saatdan çox davam edib.
Bu barədə TASS xəbər verir.
Putinin sözlərinə görə, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.
O, görüşün yekunları ilə bağlı birgə bəyənatın qəbul olunduğunu söyləyib: "Ümumi fikir bundan ibarətdir ki, çox faydalı görüş oldu. Bu, bəzi fundamental məsələlər üzrə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı".
"Bu gün biz birgə bəyanatla razılaşdıq. Açığını deməliyəm ki, heç də hər şey razılaşdırılmayıb. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi. Buna baxmayaraq, görüşün keçirildiyi barədə ümumi qiymətləndirmə ilə razıyam", - Rusiya Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, bu, bütövlükdə vəziyyətin həlli üçün növbəti addımların atılmasına şərait yaradır.
“Ümumilikdə deyəndə indiki vəziyyəti və yaxın keçmişi, iki il bundan qabaqkı hadisələri nəzərdə tuturam. O zaman biz prinsipial məsələlərlə bağlı razılığa nail olmuşduq. Bugünkü müzakirələr də onu deyir ki, biz ölkələrimizin gələcəyi barədə razılığa gələ bilərik. Ölkələrimiz deyəndə həm Rusiyanı, həm Azərbaycanı, həm də Ermənistanı, regionun bütün ölkələrini nəzərdə tuturam. Çünki münasibətlərin normallaşmasında bu ərazilərdə yaşayan bütün xalqları maraqlıdırlar. Rusiya öz tərəfindən hər şeyi edəcək ki, yekun və hərtərəfli nizamlanmaya nail olunsun”, - deyə Putin vurğulayıb.
Putin əlavə edib ki, Rusiya öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin tam normallaşmasına nail olmaq üçün hər şeyi edəcək.
Rusiya Prezidenti İlham Əliyevə və Nikol Paşinyana təşəkkürünü də bildirib.
“Mən Ermənistan baş nazirinə və Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm ki, siz Rusiyaya - Soçiyə gəlməyə və bu müzakirələri aparmağa razılıq verdiniz. Razılaşdığımız kimi biz təmasda olacağıq, bu dialoqu davam etdirəcəyik və bu cür uzun sürən münaqişəyə nöqtə qoymaq üçün lazım olan həlləri axtarmağa davam edəcəyik”, - deyə Putin əlavə edib.
V.Putin qeyd edib ki, Rusiya Federasiyası regionda dialoqun davam etdirilməsi və münaqişəyə son qoyulması üçün Ermənistan və Azərbaycanla təmasdadır.
***
Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
“Report” xəbər verir ki, görüş “Rus” sanatoriyasında keçirilir.
Görüş V.Putinin təşəbbüsü ilə keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.