Rusiya tərəfin təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə oktyabrın 28-də RF prezidentinin saytında yerləşdirilən məlumatda deyilir.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatını, Zaqafqaziyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımları nəzərdən keçirmək planlaşdırılır.
Eyni zamanda ticari-iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri müzakirə olunacaq.
Vladimir Putinin Nikol Paşinyan və İlham Əliyevlə ayrı-ayrı söhbətləri nəzərdə tutulub”, deyə məlumatda bildirilir.
Nikol Paşinyan bir müddət əvvəl görüşdə iştirak edəcəyini təsdiq edib. İlham Əliyev hələ də iştirakı və görüşün gündəliyi ilə bağlı şərh verməyib.