Astanada İlham Əliyevlə İbrahim Rəisi mübahisə edib? –
Sülhəddin Əkbər: “Azərbaycan İranla münasibətlərin kəskinləşməsində maraqlı deyil”

İran İkinci Qarabağ müharibəsi nəticəsində torpaqların azad edilməsi faktı ilə bağlı rəsmi Bakını sözdə təbrik etsə də, ötən iki il ərzində Tehranın praktiki addımlarında bu faktdan heç də məmnun qalmadığını sezmək olar.
Azərbaycanın müharibədən sonra özü üçün prioritet elan etdiyi Zəngəzur dəhlizi layihəsinin əleyhinə atılan addımlar və bəyanatlardan tutmuş SEPAH-ın Azərbaycan sərhədlərində təlimlər keçməsini azərbaycanlı ekspertlər açıq təhdid kimi qəbul edirlər.

Meydan.tv xəbər verir ki, Azərbaycan və İran prezidentlərinin Astanadakı görüşündə tərəflər arasında mübahisə olub. İlham Əliyev mübahisə zamanı İranı işğalçı Ermənistanı silahlandırmaqda və ona dəstək verməkdə, İbrahim Rəisi isə Azərbaycanın İsraillə münasibətlərinə diqqət çəkib. Görüşdən dərhal sonra İran Azərbaycanla sərhədə qoşun yığmağa başlayıb.

SEPAH-ın bundan əvvəlki təlimlərinə Azərbaycan rəsmilərindən, o cümlədən prezident İlham Əliyevdən etiraz reaksiyası gəlmişdisə, hazırda sərhədlərdə keçirilən təlimlərlə bağlı rəsmi Bakı susmağa üstünlük verir.
Təlimlər zaman etibarilə də işğal altında olan torpaqların azad edilməsinin ikinci ilinə təsadüf edir. İran bununla kifayətlənməyib, Xudafərin körpüsünə Azərbaycan bayrağının taxıldığının ikinci ildönümü günündə (18 oktyabr) təlimlərin bir hissəsini məhz həmin sərhəd ərazisində keçirib. SEPAH bir az da dərinə gedərək, Xudafərin körpüsünün fonunda Azərbaycana təhdid olan videoçarx hazırlayıb.

Bundan başqa, iranlı jurnalistlər öz “Telegram” kanallarında bu təlimlərin Azərbaycana bir xəbərdarlıq olduğunu bəyan edirlər.

Təlimlərin bir qismi ordunun çayı keçmək üçün ponton körpülərin tikilməsinə həsr edilib. Çayın digər sahilinin Azərbaycan olduğunu nəzərə alsaq, təlimlərin məqsədinin çayı keçib, ölkə ərazisinə daxil olma planlarının mövcudluğunu təxmin etmək olar.

Hazırda hadisələri izləyən bir çox ekspertin bir sualı var – İran nəyə hazırlaşır?

“İran tərəfdən Azərbaycana təhlükə hər zaman var”

Məsələni Meydan TV üçün şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, İran İslam Respublikası istəyini gizlətmir, bunu Ali dini rəhbər, prezident, xarici işlər naziri, ayrı-ayrı hərbçilər səviyyəsində də zaman-zaman bildirib.

“Tehranın istəyi konkretdir, Zəngəzur dəhlizinin açılmasını istəmirlər. Çünki bu açılım Azərbaycanın güclənməsinə, Bakı-Ankara əlaqələrinin sıxlaşmasına və Türk Dövlətləri Təşkilatının daha da fəallaşmasına səbəb olacaq. Həmçinin, İran türkləri üçün güclü nümunə ortaya çıxacaq. Bu baxımdan İran Zəngəzur dəhlizinin açılmasını dövlət birliyi üçün təhlükə sayır”, – o deyib.

O hesab edir ki, dəhlizin açılacağı halda Azərbaycanın, Mərkəzi Asiya dövlətlərinin, Türkiyə və Çinin İrana olan ehtiyacı azalacaq.

Sülhəddin Əkbərin fikrincə, Tehran Ermənistanı sanksiyalardan yan keçmək üçün istifadə edir ki, bura qaçaqmalçılıq, narkoticarət və digərləri daxildir.

“Xüsusən də İnqilab Keşikçiləri narkoticarətə rəhbərlik etdiklərindən bu məsələdə daha aqressivdirlər. Çünki əraziyə beynəlxalq nəzarət olduğundan əvvəlki kimi sərbəst hərəkət edə bilməyəcəklər”, – Sülhəddin Əkbər deyib.

O hesab edir ki, İran tərəfdən Azərbaycana təhlükə hər zaman var.

“Ümumiyyətlə, Azərbaycan dövlətinin varlığını İran öz dövlət varlığı üçün təhdid hesab edir. Əvvəla, İran Azərbaycanın mövcudluğunu özünə təhdid sayır. İkincisi, dünyəvi dövləti teokratik rejimi üçün təhlükə sayır. Həm də demokratik seçim də xarici vektor inkişafı baxımından Tehrana təhlükədir”, – partiya sədri deyib.

Onun fikrincə, Azərbaycan açıq siyasət apardığından Türkiyənin, ABŞ-nın, İsrailin və Avropa Birliyinin bu regionda inkişafı Tehran üçün müəyyən risklər yaradır. Sülhəddin Əkbər hesab edir ki, bu faktorlara görə narahatlıq tədricən artacaq.

“Amma Azərbaycan hələ Rusiyanın geopolitik sferasında yerləşdiyindən İran kəskin hərəkətə getməyəcək. Bundan başqa, Azərbaycanın NATO-da Türkiyə kimi güclü müttəfiqi var. Həmçinin Azərbaycan özü də hərbi təhlükəsizlik baxımından xeyli güclənib, 90-cı illərdəki Azərbaycan deyil. Yəni potensial təhlükə var və bu, aktuallaşmağa meyllidir. Bununla bərabər Çinin, İsrailin, Böyük Britaniyanın və Avropa Birliyinin orta dəhlizlə bağlı marağı var. Bu amillər İran təhlükəsini əsasən neytrallaşdırır, amma tam ortadan qaldırmır”, – o deyib.

Azərbaycan rəsmilərinin bu təhdidlərə reaksiya verməməsinə gəlincə, Sülhəddin Əkbər düşünür ki, rəsmi Bakı İranla münasibətlərin kəskinləşməsində maraqlı olmadığına görə, susmağa üstünlük verir.

“Rəsmi açıqlamanın verilməsi rəsmi addımın atılmasını da tələb edir. Bu da münasibətlərin gərginləşməsinə, kəskinləşməsinə gətirəcək. İndiki halda Azərbaycan bunda maraqlı deyil”, – Sülhəddin Əkbər hesab edir.

“Azərbaycan rəhbərliyi bilir ki, İran özünü böyük təhlükəyə düçar edib hərbi əməliyyat başlamaz”

Mövzuya münasibət bildirən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, rəsmi Bakı da anlayır ki, Tehran hər hansı güc tətbiq etsə, başı çox ağrıyar, ona görə də Azərbaycan İranın bu hərəkətlərinə çox etinasız yanaşır.

“İran hazırda elə bir vəziyyətdədir ki, ona özünü çox ehtiyatlı aparmağın lazım olduğunu bilir. Bir çox qüvvə İrana “diş qıcayır” və bu rejimdən “zəncir çeynəyir”. Ona görə də İran İslam Respublikası özünü ehtiyatlı aparmalıdır. Hesab edirlər ki, Azərbaycan rəhbərliyinin əsəbləri zəifdir, yaxud qorxur. Əksinə Azərbaycan rəhbərliyi qorxmur. Azərbaycan bilir ki, İran özünü böyük təhlükəyə düçar edib hərbi əməliyyata başlamaz. İranın Azərbaycana qarşı güc işlətməyinin qarşısını alan iki çox ciddi amil var: birincisi İrandakı azərbaycanlılar, ikincisi İsrail”, – politoloq deyib.

Zərdüşt Əlizadə əmindir ki, Azərbaycanı İran tərəfindən real təhlükə gözləmir. Ölkə rəsmilərinin də İrana qarşı bəyanat verməməyini, politoloq onların təcrübəli siyasətçi olmaları ilə əlaqələndirir.

“Əgər yüngül çəkili siyasətçilər olsaydılar, mütləq mənasız bəyanat verib “suyu bulandırardılar”. Amma hökumət başa düşür ki, bəyanat verməyin yeri deyil”, – Zərdüşt Əlizadə qeyd edib.
 
 
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı
15 Noyabr 2024 Litva hökuməti istefa verib
15 Noyabr 2024 "Jozef Borrelin ritorikasında bir sıra yanlışlara yol verməsi və... siyasi səhvlərini təkrarlaması sirr deyil"
14 Noyabr 2024 "Trampın Yaxın Şərqlə bağlı fərqli mövqe sərgiləyəcəyinə ümid edirik" - Ərdoğan
14 Noyabr 2024 Tramp Baydenlə görüşüb - VİDEO

Dünyapress TV

Xəbər lenti