Macarıstan parlamenti İsveç və Finlandiyanın NATO-ya daxil olmasını hələ də müzakirə etməyib. Bu, onunla bağlıdır ki, Nümayəndələr Palatasının spikeri Laslo Köver bu məsələyə yer verməyib. Ümumiyyətlə isə ABŞ-ın rəhbərlik etdiyi hərbi alyansın 30 üzvü arasında yalnız Macarıstan və Türkiyə İsveç ilə Finlandiyanın NATO-ya üzv olmasına qarşıdır.
Axar.az xəbər verir ki, bu barədə Macarıstan mediası məlumat yayıb.
"Macarıstan hökuməti müvafiq qanun layihəsini 2,5 ay əvvəl parlamentə təqdim edib. Üstəlik, sosialistlər qərarların qəbulu prosesini sürətləndirmək istəyiblər, lakin spiker bundan imtina edib. Sosialistlər bu məsələ ilə bağlı səsvermə təşəbbüsü ilə çıxış edəndə hökumət partiyalarından olan deputatlar “yox” deyiblər.
Bu arada Finlandiya prezidenti vurğulayıb ki, onların NATO-ya daxil olması əsasən Türkiyədən asılıdır. Macarıstanla bağlı o, yalnız Budapeştin AB ilə fikir ayrılıqlarının olduğunu bildirib", - məlumatda deyilir.
İsveçin ən nüfuzlu qəzetlərindən biri olan "Dagens Nyheter" "Momentum" partiyasının siyasətçisi Marton Tomposun sözlərinə əsaslanaraq Macarıstanın üzvlük prosesini ləngidə biləcəyini yazıb. Siyasətçi hesab edir ki, Orban Finlandiya və İsveçin NATO-ya daxil olmasından Brüsselə təsir üçün istifadə edir.