Əliyevin köməkçisi Vaşinqtona təşəkkür edib
“Hikmət Hacıyev və Armen Qriqoryanla növbəti zorakılığın qarşısının alınmasının, eləcə də müəyyən müddət ərzində məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və davamlı sülhün bərqərar olmasına töhfə verəcək konkret addımları da qeyd etdik”.
Bu fikirləri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Twitter” səhifəsində yazıb.
Dövlət Departamentinin nümayəndəsi Ned Prays isə “Turan”ın “Milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Hikmət Hacıyev və Armen Qriqoryanla görüşü bundan öncə Nyu-Yorkda Entoni Blinken, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə başlanmış prosesin tərkib hissəsidirmi” sualına belə cavab verib:
“Biz tərəflər arasında gərginliyin səngiməsini möhkəmləndirmək üçün bir neçə səviyyədə, bir neçə kanalla qarşılıqlı fəaliyyət göstəririk”.
Prays bildirib ki, Ağ Evdə Hacıyev və Qriqoryanın görüşü milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçirilib.
ABŞ Dövlət katibi Blinken xarici işlər nazirliklərindən olan həmkarları ilə də danışıqlar aparıb.
O, həmçinin Ermənistan və Azərbaycanla liderlər səviyyəsində də qarşılıqlı əlaqə yaradıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Amerikanın səsi”nə müsahibəsində sözügedən görüşü “effektiv” adlandırıb.
“Biz Qarabağ münaqişəsinin həlli ilə bağlı gündəliyi, eləcə də regionda sülhün bərqərar olması mövzularını müzakirə etdik. Bunlar blokun açılması, delimitasiyası, sərhəd təhlükəsizliyi, eləcə də regiona sabitlik və sülh gətirəcək digər məsələlərlə bağlıdır”, – Armen Qriqoryan belə deyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan hazırda bir-biri ilə əlaqəli dörd gündəliyi – humanitar, blokun açılması, delimitasiya və demarkasiya, Qarabağ məsələsi ilə bağlı məsələləri müzakirə edirlər:
“Biz bu sahələrdə aydınlıq gətirməyə çalışdıq, necə irəliləyəcəyik və bütün bunlarla yanaşı, Ermənistanla Azərbaycan arasında sülh sazişi də var”.
Hikmət Hacıyev isə “Twitter” səhifəsində görüşə görə Amerika tərəfinə təşəkkür edib:
“Biz Ceyk Sallivanın regionumuzda davamlı sülh və sabitliyin gündəliyini müzakirə etmək və təşviq etmək üçün Ağ Evdə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünün təşkilində göstərdiyi səyləri yüksək qiymətləndiririk”.
Üçtərəfli görüşdən sonra sərhəddə atəşkəs pozulmuş Ermənistan ordusu 3 əsgərini itirmiş, Azərbaycan ordusunun bir əsgəri yaralanıb.
Xatırlatma
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.