Putinin sonu çatır?
Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətində hərbi əməliyyatı davam edir.

Qeyd edək ki, avqustun 12-də Rusiyanın Kursk vilayətinə müdaxilə edən Ukrayna ordusu ölkənin daxili ərazilərinə doğru irəliləməkdədir.

Hücum zamanı xeyli sayda rus hərbçisi öldürülüb, rus ordusunun ağır zirehli texnikaları sıradan çıxardılıb və yüzlərlə rus əsgəri əsir düşüb.

Rusiya və Ukrayna KİV-lərinin məlumatına görə, Ukrayna hərbçiləri Kursk və Belqorad istiqamətində bir çox məntəqələri nəzarəti götürüb. Hətta iddia olunur ki, Kurskda 1000 km-dən çox ərazi Ukrayna ordusunun nəzarəti altına keçib.

Rus mediasında Ukrayna hərbçilərinin daha yeni ərazilərə nəzarət etməsi barədə məlumatlar yayılmaqdadır. Maraqlıdır, dünyanın ən güclü ordusuna və kəşfiyyatına, taktiki nüvə silahına, qitələrarası ballistik raketlərə, geniş hərbi donanmaya və hava hücumundan müdafiə sistemlərinə malik olan Rusiya nəyə görə Ukrayna ordusunun hücumunun qarşısında bu qədər aciz qalıb.

Necə ola bilər ki, Ukrayna ordusu heç bir ciddi müqavimətlə üzləşmədən, heç bir əngəllə rastlaşmadan və heç bir itkiyə məruz qalmadan asanlıqla Rusiyanın içərilərinə doğru bu qədər irəliləyir? Bu, bir çox analitik mərkəzlərin baxışlarında ciddi suallar doğurub. Bəziləri Ukraynanın Kurska hücum əməliyyatının NATO mütəxəssisləri tərəfindən hazırlandığını və buna görə də əməliyyatın uğurlu həyata keçdiyini hesab edirlər.

Bəziləri isə iddia edirlər ki, Rusiyanın daxilində müəyyən hərbi-siyasi dairələr, hərbi elitada yüksək rütbəli şəxslər və Kremldə bəzi ünsürlər bilərəkdən Ukrayna ordusunun hücumuna şərait yaradıblar. Əsas məqsəd də Putin hakimiyyətinin sonunu yaxınlaşdırmaqdır. Hər iki tərəfin iddialarının nə dərəcədə doğru olub-olmadığını yalnız zaman göstərəcək.

Müharibənin gedişatı bütün gizli məqamlar ortalığa çıxacaq.

Məsələ ilə bağlı “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, tarixdə bir çox müharibələr kimi Rusiya-Ukrayna müharibəsinin taleyini də geosiyasi maraqlar və məqsədlər müəyyən edəcək: “Bu müharibədə hər bir tərəfin öz maraq və məqsədləri var.

Həm Qərb güc mərkəzləri, həm Rusiya, həm də Ukrayna bu müharibədə yalnız maraqlarını güdür. Bütün tərəflər öz məqsədlərinə nail olmaq üçün var-gücü ilə mübarizə aparırlar. Müharibə məhz məqsədləri reallaşdırmaq üçün davam etdirilir. Yalnız tərəflər öz maraqlarını təmin etdikdən sonra müharibə dayandırılacaq”.

M. Əliyev Rusiya-Ukrayna müharibəsində yeni mərhələnin başlamasını bu cür şərh edib:

“Son proseslər onu göstərir ki, istər Qərb, istərsə Rusiya, istərsə də Ukrayna – hər bir tərəf müharibənin davam etməsində maraqlıdır. Qərb buna daha çox maraq göstərir. Ona görə də müharibənin yeni mərhələsini başlatmaq qərarına gəliblər. Kursk əməliyyatı düşünülmüş bir plandır və bu planda müharibəni sona çatdırmaq məqsədi güdülür. Müharibəni dayandırmaq üçün Ukrayna tərəfi Moskvadan tələb edir ki, rus qoşunları Ukraynanın cənub-şərq ərazilərindən geri çəkilməli və ölkənin beynəlxalq sərhədini tanımalıdır.

Rusiya isə Ukraynanın şərtlərini rədd edir və işğal etdiyi əraziləri öz ərazisinin tərkib hissəsi kimi tanınmasını tələb edir. Amma buna baxmayaraq, hesab edirəm ki, bir müddətdən sonra hər iki tərəf bir-birinə güzəştə getməyə məcbur olacaq. Rusiya Ukraynada işğal etdiyi ərazilərdən geri çəkiləcək, Ukrayna isə Rusiyada nəzarətə götürdüyü əraziləri sahibinə qaytaracaq. Yəni hər iki tərəf öz beynəlxalq sərhədlərinə çəkiləcək”.

M. Əliyev Putin hakimiyyətinin sonunun yaxınlaşması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını bildirib: “Əksinə, bu müharibə Putin hakimiyyətini daha da möhkəmləndirib. Rusiyanın daxilində hazırlanmış hərbi çevrilişin qarşısı alınıb, oliqarxların təsiri xeyli azalıb, dövlətin dayaqları gücləndirilib və ölkədə iqtisadi nöqteyi-nəzərdən sabitlik davam edir. Eyni zamanda, Rusiyanın hərbi sənaye kompleksi əvvəlkindən daha aktiv fəaliyyət göstərir. Rusiya bir imperiya dövlətidir və hər bir imperiya öz mövcudluğunu davam etdirmək üçün müharibə aparmalıdır”.

M. Əliyev deyib ki, yalnız nüvə təhlükəsi Rusiya və NATO-nu danışıqlar masası arxasına gətirəcək: “Müharibə başa çatandan sonra həm Moskva, həm də Kiyev öz üzərinə öhdəliklər götürəcək. Rusiya öhdəlik götürəcək ki, Ukraynanın ərazisinə hər hansı bəhanə ilə müdaxilə etməyəcək və onun beynəlxalq sərhədlərini tanıyacaq. Ukrayna isə NATO-ya üzv olmayacağı, hər hansı Qərb dövlətinin onun ərazisində hərbi baza yaratmasına imkan verməyəcəyi və Rusiyaya qarşı təhlükə törətməyəcəyi ilə bağlı öhdəlik götürəcək.

Bir önəmli məqamı da diqqətdən qaçırmaq olmaz. İndiki vəziyyət elə bir nöqtəyə çatar ki, Rusiya nüvə silahından istifadəyə əl ata bilər. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar Ukrayna ilə deyil, məhz NATO ilə müharibə aparırlar. Moskvanın bu taktikaya əl atması NATO-nu onunla danışıqlara getməyə vadar edəcək. Ukrayna ilə danışıqlar ikinci dərəcəli məsələ olacaq. Bu danışıqlarda Rusiya və Qərb bir-birinə güzəştə gedib bir çox məsələlərdə anlaşacaqlar”.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
20 Aprel 2025 Trampdan sərt sözlər: “Biz Rusiyaya və Ukraynaya deyəcəyik...”
19 Aprel 2025 Cənubi Qafqazda ilk dəfə Ermənistanın iştirakı ilə üçtərəfli proses başlayır - Paşinyan fürsəti fövtə vermək istəmir
19 Aprel 2025 İran Rusiyanı nüvə danışıqları barədə məlumatlandırdı
18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək

Dünyapress TV

Xəbər lenti