“Bu gün Şövkət xanımın 100 illik yubileyidir. 100 yaşlı Şövkət xanımı təsəvvür belə edə bilmirəm. O hər zaman gözümüzdə gözəl, cavan qalıb. Bu gün çox sevinirəm ki, xalqımız, insanlarımız, onun tələbələri, musiqi sevərlər Şövkət xanımı unutmayıb və hər zaman yadda saxlayıblar. Şövkət xanım insanların qəlbində elə bir yer, taxt-tac qurub ki, bu sevgi uzun illər onunla yaşayacaq. 19 oktyabrda Şövkət xanımın ən sədaqətli, çox sevdiyi tələbəsi, gözəl müğənnimiz Aybəniz Haşımovanın təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında 100 illik yubileyi tədbiri keçirildi. Bu gün isə Heydər Əliyev adına sarayda böyük konsert proqramı baş tutacaq. Sənətkarın ailəsi olaraq bu bizi çox sevindirir və biz də ailəmiz adından bütün təşkilatçılara öz təşəkkürümüzü bildiririk”.
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında böyük sənətkarımız Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib. O daha sonra əlavə edib.
“Şövkət xanımgilə gəlin gələndə onun 60 yaşı var idi. Tələbələrinə dərs deyirdi, sadə həyat yaşayırdı. Tələbələrini öz övladları kimi çox istəyirdi. Onları geyindirirdi, yedirdirdi, televiziyada işə düzəldirdi. Şövkət xanımın həyatı ağır və çətin olub. O insanlara buna görə əl tuturdu. İkinci dünya müharibəsi zamanı cəbhədə olmuşdu, konsert vaxtı yanında bomba partladığından kontuziya almışdı. Nəinki Azərbaycanın bir çox dünya ölkələrini də qarış-qarış gəzib. Azərbaycan mahnılarını dünyaya Rəşid Behbudov və Şövkət Ələkbərova yayıb” deyə Gülnarə Səfərova deyib.
Gülnarə Səfərova deyir ki, Şövkət xanım heç vaxt sənətinin ailəsi tərəfindən davam etdirilməsini istəməyib.
“O sənətə çox ciddi yanaşırdı. Həmişə deyirdi ki, sənət xalq üçündür. Sən xalqın qarşısında özünü elə aparmalısan ki, onlar səndə hansısa nöqsan tapmasınlar. Şövkət xanım heç vaxt istəmirdi ki, övladları, yaxud da nəvələri onun sənətini davam etdirsinlər. Hətta bizim qızımız Şövkət anadan olandan sonra Şövkət xanım onun səsi olduğunu hiss edib, mənə demişdi ki, bunun musiqi duyumu çox yaxşıdır, amma onu musiqi sahəsinə qoyma. Qızıma öz adını vermişdi və deyirdi ki, Şövkət adı onun üçün çox qapılar açacaq” deyə o bildirib.
Gülnarə Səfərova bildirib ki, Şövkət xanım qızının ölümündən sonra çox yaşamayıb.
“Şövkət xanımın şəkəri var idi. Qızı Natellanın 48 yaşında vəfat etməsi ona çox pis təsir etdi. Qızının xəstəliyini ondan gizlədirdilər. Kürəkəni deyirdi ki, biz bu haqda Şövkət xanıma nə isə desək, o elə indi ölər. Qızının ölümünə 3 gün qalmış Şövkət xanıma dedilər ki, Natella xəstədir. Şövkət xanım xəstəxanaya gedib, onunla görüşdü. Həqiqətən də bu xəbərdən şok olmuşdu. Natellanın 3 mərasimində Şövkət xanım artıq xəstəxanada idi. Natellanın iki oğlu var idi. Allaha yalvarırdı ki, qız nəvəsinin üzünü görüb, qızının il mərasimini versin, sonra dünyadan köçsün. Necə demişdisə elə də oldu. Yanvar ayında qızının ilini verdik, fevralın 7-də Şövkət xanım rəhmətə getdi” deyə sənətkarın gəlini bildirib.