Mədəni, yoxsa tərbiyəli olmaq?
Mədəni, yoxsa tərbiyəli olmaq? Bizim qüsurlarla dolu qavrayış mexanizmamızda bu ikisi ya qarışdırılır, ya da eyniləşdirilir.
Mədəni adam dəyər istehsalçısıdır, tərbiyəli adam dəyər istehlakçısı. Tərbiyəli adam mədəni olmaya bilər və olmayan mədəniyyətini tərbiyə ilə ustalıqla pərdələyər.
Mədəni adam isə nadir halda tərbiyəli olur. Çünki dəyər yaratmaq üçün o, mövcud dəyərləri aşmalıdır. İlk növbədə tərbiyənin boyunduruğundan çıxmalıdır.
Tərbiyəli adam istehlak etdiyi dəyəri dörd əllə qorumağa məhkumdur. Tərbiyənin missiyası qorumaqdır. Mədəni adam isə qoruyan yox, yaradandır. Mədəniyyətin missiyası yaratmaqdır.
Türk etnosu mədəni yox, tərbiyəli etnosdur. Yəni yaradan yox, qoruyandır. Anadolu türkləri ələ keçirdikləri Bizans mədəniyyətini qorudular. İran türkləri sahib çıxdıqları Sasani mədəniyyətini qorudular. Özləri ya heç nə yaratmadılar, ya da epizodik şeylər yaratdılar .
Bir az Əmir Teymur yad mədəniyyətlərdən oğurladığı sənətkarların hesabına Orta Asiyada nələrsə etmək istədi.
Mədəniyyət barbarda tərbiyə şəkildə üzə çıxır. Bizans mədəniyyəti Anadolu türklərini, Sasani mədəniyyəti İran türklərini mədəniləşdirmədi, tərbiyələndirdi.
Yəni yaradan yox, qoruyan etdi. Bu gün də Anadolu türkləri Bizans, İran türkləri Sasani mədəniyyətlərinin istehlakçısıdırlar.
Bizə mədəniyyətin sonuncu dalğası rus bolşevizmiylə gəldi. Və biz bu gün, bu müstəqillik dövründə nə işlə məşğuluq? Onu qorumaqla! Necə ki, babalarımız Sasani mədəniyyətini qorumuşdular.
Və biz sovet mədəniyyətini nəyimizlə qoruyuruq? Tərbiyəmizlə. Yeni dəyər yaratmaq üçün mövcud dəyərləri aşmağa çalışanlara dərhal "tərbiyəsiz" damğası vurub qulağını kəsirik.
Mədəni adamın mənəvi ölçüsü əxlaqdır, tərbiyə deyil.
Və nəhayət, dəyər yarada bilməyən xalqın bütün həyatı illuziyalardan ibarətdir.

Aqşin YENİSEY - Dia-az.İnfo
 

Dünyapress TV

Xəbər lenti