“Bu gün dünyanın harasında olmasından asılı olmayaraq, hər bir azərbaycanlı alnıaçıq, qürur və fəxrlə gəzir. Biz artıq qalibik!”
Bunu TNS-ə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı deyib.
Ş. Əlizamanlı xalqımızın illərdir, bu qələbənin həsrətində olduğunu, zəfər arzuladığını bildirib: “Bu gün artıq illərlə işğal altında qalan torpaqlarımız azad olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Əlbəttə ki, biz bunu arzulayırdıq, illərdir, həsrətində idik. Nəhayət bu, baş verdi. Artıq biz qalib bir dövlətin vətəndaşlarıyıq, qalib xalqın övladlarıyıq. Ordumuzu və xalqımızı ürəkdən təbrik edirəm. Var olsun, qüdrətli Azərbaycan Ordusu”.
İfaçı əvvəllər ifa olunan mahnılarda kədər və məğlubiyyətin hiss olunduğunu da vurğulayıb: “Təbii ki, o zaman - torpaqlarımız işğal altındaykən mahnılarımızda, ifa və sözlərdə kədər, məğlubiyyət hiss olunurdu. Amma artıq qalib əhval-ruhiyyəsində ifa edirik. Bu yolda böyük məktəb keçmişik”.
O bildirib ki, əvvəlki kimi olmasa da, bu gün də vətənpərvərlik ruhunda yeni mahnılar ifa edir: “Artıq torpaqlarımız işğaldan azad olunub. Əvvəlki kimi olmasa da, indi də yeni mahnılar yaranır, ifa edirəm”.