|
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan klassiklərinin əsərlərinin tərcüməsi və nəşrinə dair daha bir layihə həyata keçirilib.
Musavat.com xəbər verir ki, görkəmli yazıçı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməsi nəşrinin təqdimatı ilə bağlı Xarəzm vilayətinin mərkəzi şəhəri olan Ürgəncdə yerləşən Ürgənc Dövlət Universitetində tədbir keçirilib.
Universitetin Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində baş tutan tədbiri Ürgənc Dövlət Universitetinin prorektoru professor Sərdar Xocaniyazov açaraq “Qılınc və qələm” tarixi romanının özbək dilində nəşrinin Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsi istiqamətində atılmış yeni bir addım kimi qiymətlənirib.
Çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açaraq bu istiqamətdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihələrindən danışıb. Özbəkistanlı oxucularda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu qeyd edən K. Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən indiyə qədər müxtəlif mövzulara çox sayda əsərin özbək dilinə tərcümə edilərək nəşr olunduğunu diqqətə çatdırıb. Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı sistemli iş nəticəsində Azərbaycan yazıçılarının əsərlərinin tərcümə və çapının həyata keçirildiyini qeyd edən natiq bu sahədə mövcud olan boşluqların böyük ölçüdə aradan qaldırıldığını vurğulayıb.
Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki qardaş ölkə arasında əlaqələrinin dərin, qədim tarixi köklərindən söz açaraq ədəbi əlaqələrin də mədəni əlaqələr kimi yüksək səviyyədə olduğunu, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu sahə üzrə məqsədyönlü işlərin aparıldığını qeyd edib.
Ürgənc Dövlət Pedaqoji İnstitutunun Pedaqogika fakültəsinin dekan müavinin Şadyar Dostcanov, ədəbiyyat fakültəsinin dekanı Dilşod Qayipov, pedaqogika fakültəsinin dekan müavini Şadyar Dostcanov çıxış edərək, “Qılınc və qələm” tarixi romanını özbək dilində tərcüməsinin nəşrini ədəbiyyatşünaslıq baxımından mühüm hadisə kimi qiymətləndirərək Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu vurğulayıblar.
Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri – Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və ön sözün müəllifi isə Özbək alim Abdulla Uluqovdur.
Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına əvəzsiz olaraq paylanması nəzərdə tutulub.