Vüqar Bayramov: “Türkiyədə bu sınaqdan da zəifləmədən çıxa biləcək”
Xalid Kərimli: “Bu, Türkiyə dövlətinin həll edə biləcəyi iqtisadi problemdir”
Fevralın 6-da Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən dəhşətli zəlzələlər Türkiyənin 10 vilayətində böyük dağıntılara və insan tələfatına səbəb olub. Hazırda Türkiyə hökumətinin əsas məqsədi dağıntılar altında qalan insanların xilas edilməsi və zəlzələ nəticəsində baş verən fəlakətin tezliklə aradan qaldırılmasıdır.
Qeyd edək ki, təbii fəlakət insan tələfatıyla yanaşı, Türkiyənin iqtisadiyyatına da böyük ölçüdə ziyan vurub. Hələlik dəymiş ziyanın dəqiq məbləği bəlli olmasa da, Türkiyənin Ekologiya və Şəhərsalma Nazirliyi zəlzələdə dəymiş zərəri qiymətləndirmə işlərinə başlayıb. 6 min personalın iştirakı ilə aparılan qiymətləndirmənin bir sıra nəticələri məlum olub. İndiyə qədər 10 əyalətdə 171 min 882 bina araşdırılıb. 24 min 921 binada 120 min 940 sayda ayrı-ayrı müstəqil seksiyaların söküldüyü, təcili sökülməsi tələb olunduğu və ya ciddi şəkildə zədələndiyi müəyyən edilib. 10 vilayətdə araşdırılan binalar arasında 122 min 279 binanın yüngül zədələndiyi və zədəsiz olduğu təsbit edilib.
Türkiyə Statistika Komitəsinin məlumatına görə, zəlzələnin baş verdiyi bölgədə toplam 13.5 milyon insan yaşayır. Bu, ölkə əhalisinin 15.7 faizi deməkdr. Bölgədə dəmir-polad, neft-kimya, tekstil, enerji, qida və içki sektorlarında fəaliyyət göstərən yüzlərlə şirkət mövcuddur. Rəsmi məlumatlara görə, Türkiyədədəki Ümumi Daxili Məhsulun (ÜDM) formalaşmasında zəlzələ bölgələrinin payı 9.3 faiz, kənd təsərrüfatı və daşınmaz əmlak sahəsində payı isə müvafiq olaraq 14 və 12 faiz təşkil edir.
Bölgədə dağıntılar və xilasetmə işləri hələ də davam etdiyindən dəyən zərərin tam hesablanması indiki halda mümkün görünmür. Ancaq ABŞ-ın nüfuzlu “Bloomberg” nəşrinin Sahibkarlar Konfederasiyasının və respublikanın işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadla dərc etdiyi məqalədə bildirilib ki, baş verən zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollardan çox ziyan vura bilər.
Həmçinin bildirilir ki, konfederasiyanın hesablamaları digər iqtisadçıların hesablamalarından daha yüksəkdir. Bir çox ekspertlər isə təbii fəlakətin yekun nəticələrini ümumiləşdirməyin hələ tez olduğu qənaətindədirlər.
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, 13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə binalar, o cümlədən evlər, sosial obyektlər hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir.
”İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyə iqtisadi artım tempini 2.0 faiz bənd azalda bilər”, - o əlavə edib.
vurğulayır ki, 1999-cu ildə Türkiyədə baş verən zəlzələnin miqyası və nəticələri ilə müqayisə qardaş dövlətin bu sınaqdan da zəifləmədən çıxacağını göstərir: “Belə ki, 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35 faizinin formalaşdığı ərazilərdə baş vermişdi. Son zəlzələ qardaş ölkə iqtisadiyyatının 10 faizinin cəmləşdiyi coğrafiyanı əhatə edib. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada isə bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollar idisə, indi bu rəqəm 819 milyard dollardır. Türkiyənin güclü olması Türk dünyasının daha güclü olması anlamına gəlir. Bu baxımdan, Türkiyə iqtisadiyyatının zəifləməməsi, güclənməsi həmçinin Türk dövlətlərinin inkişafı üçün də stimuldur”.
Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli isə “AzPolitika.info”-ya şərhində bildirib ki, zəlzələ nəticəsində Türkiyə iqtisadiyyatına dəymiş ziyanın 50-100 milyard dollar aralığında olacağını proqnozlaşdırmaq olar: “Çünki açıqlanan rəqmlərə nəzər salsaq, zəlzələ nəticəsində 6544 bina dağılıb, 25 minə yaxın bina isə qəzalı vəziyyətə düşüb. Təbii ki, bunların hamısı böyük yaşayış binaları deyil. Digər tərəfdən, dağılan binaların əksəriyyəti köhnə, 40-50 ilin tikililəri idi. Bu binalara dəyən ziyan 45-50 milyard dollardan az deyil..”.
Ekspert qeyd edib ki, müsbət məqam odur ki, Türkiyə dövlətinin xarici borcu ÜDM-a nisbətdə kritik həddə deyil: “Türkiyənin dövlət borcu ÜDM-a nisbətdə 35-36 faizdir. Müqayisə üçün bildirmək istəyirəm ki, bu göstərici İnkişaf Etmiş Ölkələrdə 65 faizdən yuxarıdır. Ona görə də Türkiyədəki göstərici kifayət qədər normal hesab oluna bilər. Bu o deməkdir ki, Türkiyə hökuməti zəlzələ bölgəsində aparacağı bərpa və yenidənqurma işlərini həyata keçirmək üçün xaricdən borc ala bilər. Bunun üçün kifayət qədər imkanlar mövcuddur”.
Ekspert hesab edir ki, Türkiyə iqtisadiyyatı və sahibkarlar bu prosesə tez adaptasiya ola biləcəklər:“Xarici borclanma ölkə iqtisadiyyatına əlavə yük olsa da, Türkiyə iqtisadiyyatı olduqca çevikdir. Digət tərəfdən Türkiyənin tikinti sektorunda canlanma baş verəcək ki, bu da iqtisadiyyata müsbət təsir göstərəcək. Sadəcə baş verən prosesi uğurla idarə etmək, məsələyə sistematik formada yanaşmaq lazımdır. Bu zaman Türkiyə qitisadiyyatı bu problemin üstəsindən gələ biləcək”.
“Zəlzələnin baş verdiyi bölgə Türkiyə iqtisadiyyatının təxminən 10 faizini təşkil edir. Bu bölgədən olan ixracın dəyəri isə 20 milyard dollar idi. Lakin buna baxmayaraq, baş verən təbii fəlakət Türkiyə iqtisadiyyatı üçün uzunmüddətli dönəmdə problem yaratmayacaq. Nəticə etibarilə, bu, Türkiyə dövlətinin həll edə biləcəyi iqtisadi problemdir. Zəlzələnin nəticələri var, dövlər bura vəsait cəlb etməlidir və xərcləmələr olmalıdır. Bunun üçün də Türkiyə hökuməti həm büdcə ehtiyatlarından istifadə etməli, həm də xaricdən borc almalıdır”, -deyə ekspert bildirib.
Xatıraladaq ki, Türkiyə hökuməti təcili yardım fəaliyyətinə, ilkin olaraq, 100 milyard türk lirəsi (təxminən 9 milyard manat-red.) dəyərində büdcə ayırıb.