Azərbaycanda kələmin bir kilosu 14 qəpiyə satılır.
Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov deyib. Onun sözlərinə görə, kələm biznesində çəkilən xərəc borcunu ödəmir:
“Sahədə 8 qadın çalışır, onların hərəsinə gündəlik 18 manat veririk. Bir qazel kələmdən 360-370 manat pul gəlir. Bizə isə ordan 120 manat pul qalır. Gün ərzində 4 qazel kələm satılır. Biz kələmi ucuz qiymətə satmağa məcburuq. Həm sahə təmizlənir, həm də buradan evinə çörək pulu aparan insanlar var. Qoyduğumuz xərcin heç 30 %-ni çıxara bilmirik”.
Anar Abbasov deyir ki, Azərbaycanda kələm biznesinə bəzi məmurlar mane olur:
“Biz bir neçə il əvvəl ölkəyə İrandan kələm gətirən məmurlara mane olduq. Hər il işbazlar İrandan ölkəyə kələm gətirib, kilosunu 70-80 qəpiyə satırdı. İndi bu yoxdur, qarşısını aldıq. Həmin məmurlar da acığa düşüb bu il Azərbaycandan kənara kələm çıxarmadılar. Məqsəd mənim kimi kələm əkən fermerləri işindən imtina etdirmək və xaricdən bura kələm gətirib baha satmaqdır”.