Azərbaycana məxsus bir neçə yük maşını Rusiya ilə Belarusun arasındakı sərhəddə, daha dəqiq desək, Bryansk vilayətində heç bir əsas olmadan saxlanılıb.
Bu barədə sürücülərdən daxil olan məlumatda qeyd edilib. Belə ki, azərbaycanlı TIR sürücülərindən biri bildirir ki, artıq bir neçə gündür, həmin sərhəddə saxlanılıblar:
“Bryansk vilayətində bir neçə maşını saxlayıblar. Ruslar acığa düşüblər və məhz Azərbaycana məxsus yük maşınlarını üçüncü ölkəyə – Belarusa buraxmırlar. Rus sərhədçilər sənədlərimizi alıblar. Nə üçün üçüncü ölkəyə buraxmadıqlarını soruşsaq da, bizə cavab vermirlər. Sənədlərimizi də qaytarmırlar ki, geri qayıdaq. Qeyd edim ki, bizim bütün sənədlərimiz qaydasındadır.
Bizi hansı səbəbdən incitdikləri bəllidir. Bu videonu paylaşıram ki, Azərbaycanın aidiyyəti qurumları bilsinlər ki, Xankəndi yolunda baş verən məsələyə görə sevimli rus qonşularımız bizi burada incidirlər. Biz deyəndə ki hər zaman bu sərhədi keçib getmişik, deyirlər ki, xeyr, siz bu sərhəddən yük ilə keçə bilərsiniz, boş gedə bilməzsiniz”. (oxu.az)