Gələn il Azərbaycan dövlət büdcəsi layihəsində xərclər 33.3 milyard (gəlir 30.72 milyard) manat göstərilib. Bu, 2022-ci illə müqayisədə 1 milyard, 2021-ci illə müqayisədə isə 5.9 milyard manat çoxdur. Rəsmilər bildirir ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi, xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir. Lakin bəzi ekspertlər hesab edirlər ki, bir çox ölkələrlə müqayisədə Azərbaycanın dövlət büdcəsinin xərc hissəsi əhaliyə görə o qədər də böyük deyil.
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, beynəlxalq standartlara görə, belə hesablamalar üçün əsas kimi adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) götürülür: “Adambaşına düşən ÜDM-ə görə Azərbaycan Ermənistanı bir az qabaqlayır. Bir də sosial xərclər məsələsi var. Ermənistan büdcəsinin 25 faizi sosial xərclərə yönəlir, bizdə isə bu xərclərə büdcədən 40 faizə yaxın yönəlir. Lakin bizdə problem onun şəffaflığı və əlçatanlığı ilə bağlıdır”.
Onun sözlərinə görə, digər məsələ ondan ibarətdir ki, Ermənistan büdcəsində “Dağlıq Qarabağ Respublikası” üçün də pul ayrılır: “Qondarma qurum üçün büdcədə nəzərdə tutulmuş 370 milyon dolları Ermənistanın öz əhalisinə xərclərindən çıxmalıyıq. Bunu etsək, iki ölkənin xərcləri aşağı-yuxarı eyni düşür”.
Amma N.Cəfərli də hesab edir ki, Azərbaycan enerji resursları ilə zəngin ölkə olduğundan büdcəsi daha böyük olmalı idi: “Problem ondadır ki, bizdə dollar ifadəsində büdcə 2012-2013-cü illərə qədər daha yüksək idi. 2013-cü ildə dollar ifadəsində büdcəmiz 24 milyard dollar idi, indi isə 19 milyarda yaxındır. Bu da devalvasiyaların təsiridir”. (2015-ci ildə devalvasiyalar nəticəsində manat iki dəfə dəyər itirib)
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2022-ci ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən ÜDM 9 min 748.9 manata bərabər olub. Bu isə ötən illə müqayisədə 55.3 faiz artım deməkdir.
Nazir büdcə müzakirələrində deyib ki…
Maliyyə naziri Samir Şərifov isə bu gün, noyabrın 3-də Milli Məclisdə büdcə layihəsi müzakirəsində bildirib ki, son beş ildə Azərbaycanın cari xərcləri 11 milyard manat artıb.
Onun sözlərinə görə, eyni zamanda, həmin bu müddət ərzində baş verən dəyişiklikləri də nəzərə almaq lazımdır: “2019-cu ildə biz sosial xərclərin əhəmiyyətli dərəcədə artımına getmişik. Bunlar hamısı həmin xərclərin artımına bilavasitə təsir göstərib. Həmin artımların böyük hissəsi – 5 milyard manatdan çox – əməyin ödənişi və digər sosial xərclərə aiddir”.