Azərbaycanda həbs olunan dövlət məmurlarının hamısının özlərinin, yaxud ailə üzvlərinin adına çoxsaylı daşınmaz əmlakların olduğu üzə çıxır. Bura Azərbaycanın ən əlverişli ərazilərində iri torpaq sahələrindən tutmuş, Bakının ən prestijli yerlərində evlərə, qeyri-yaşayış sahələrinə qədər çoxsaylı və bahalı əmlaklar daxildir. Son illərdə aparılan gurultulu həbslərdən sonra açıqlanan istintaq materiallarından aydın olur ki, korrupsioner məmurların əsas vəsait yönəltdikləri sahələrdən biri daşınmaz əmlakdır. Bir çox hallarda məmurların Bakıdakı bir binada 4-5 mənzil sahibi olduqları üzə çıxır. Yaxud məmurun ailə üzvlərinin hər biri bir neçə evə, torpaq sahəsinə, qeyri-yaşayış sahəsinə malik olur. Bütün bunlar həmin məmurlar həbs edilənədək gizli qalır.
Mütəxəssislər hesab edirlər ki, məmurların dövlətdən soyub-taladıqları pulları rahatlıqla daşınmaz əmlaka yönəltmələrinin əsas səbəblərindən biri Azərbaycanda daşınmaz əmlak reyestrinin ictimaiyyətə qapalı olmasıdır. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlar əldə etdikləri çirkli pulları müxtəlif daşınmaz əmlakın alınmasına yönəldirlər. Onlar arxayındırlar ki, vəzifə maaşlarından yüz dəfələrlə artıq məbləğə başa gələn əmlaklarının varlığından cəmiyyətin xəbəri olmayacaq və hər hansı ictimai sorğulanmaya məruz qalmayacaqlar.
Dünyanın əksər ölkələrində, o cümlədən qardaş Türkiyədə daşınmaz əmlak reyestri açıq olmaqla bütün məlumatlar internet resurslarına yerləşdirilir. Maraqlanan hər kəs həmin reyestrdəki məlumatları rahatlıqla əldə edə bilir. Bu isə dövlət məmurları üçün çox ciddi ictimai təzyiq mexanizminin formalaşması deməkdir. Belə mexanizmin işlədiyi ölkələrdə dövlət idarəetmə sistemində korrupsiyalaşma səviyyəsi çox aşağı olur.
Azərbaycanda daşınmaz əmlak sahiblərinin adları niyə gizlədilir? Əmlak reyestrinin açıqlığına kimlər imkan vermir? İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda korrupsiyanın yüksək səviyyəsinin qarşısını almaq üçün atılacaq ilk addımlardan biri məmurların, seçkili orqanlarda təmsil olunan şəxslərin gəlir bəyannamələrini təqdim etmələrinin təmin olunmasıdır: “Dünya təcrübəsi də göstərir ki, belə bəyannamələrinin təqdim olunması, açıqlanması iqtisadiyyatda,dövlət idarəetməsində şəffaflığın başlıca şərtidir. Əgər hər bir məmur, deputat öz gəlirlərini, əmlakını açıqlayarsa, bu zaman artıq əmlak reyestrinin qapalı saxlanmasına da ehtiyac qalmaz. Lakin təəssüflər olsun ki, birbaşa məmurların qeyri-qanuni kapital yığımına mane olacaq deyə belə bəyannamələrin açıqlanması baş tutmur. Eyni səbəbdən daşınmaz əmlak reyestri də qapalıdır. Bəyannamə və reyestr açıqlanarsa, vətəndaşlar rahatlıqla hər bir məmurun, seçkili qurum üzvünün illik gəliri ilə sahib olduğu əmlakın dəyərini müqayisə edərək, uyğunsuzluğu müəyyənləşdirmək imkanı əldə edəcəklər. Buna isə hazırda qanunların, qaydaların qəbulunda idarəedici olanlar yol verməyəcəklər”.
Ekspert yaxınmüddətli dövrdə nə əmlak reyestrinin açıqlığının təmin olunmasını, nə də məmurların gəlir bəyannaməsi vermələrini real hesab etmir: “Ortada çox böyük maraqlar, çox böyük həcmli qanunsuz gəlirlər varkən bu sahədə hər hansı şəffaflaşmanı gözləmək mümkün deyil”.
Hüquqşünas Əkrəm Həsənov bildirir ki, təxminən 10 il əvvələdək Azərbaycanda daşınmaz əmlak reyestri açıq olub: “On il əvvəl "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun “Dövlət reyestrinin açıqlığı” adlanan 5-ci maddəsinə dəyişiklik edildi və reyestrdən məlumat əldə etmək hüququ yalnız əmlak sahibinə tanındı. Bu dəyişiklikdən sonra maddənin adı mahiyyətini itirdi - adına əmlak olan vətəndaşın öz əmlakına dair məlumat almaq hüququnu qadağan etmək onsuz da mümkün deyil. Bu baxımdan, on il əvvəl qanuna edilən dəyişiklik əmlak hüququ sahəsində geriyə doğru böyük addımdır. Bütün dünyada əmlak reyestri ictimai açıq məlumatlar sırasında olmaqla tam açıqlıq təmin olunur. Bəzi ölkələrdə əmlakla bağlı məlumatlar pullu, bəzilərində pulsuzdur. Bir sıra ölkələrdə müəyyən hissə pullu, qalanı ödənişsizdir. Hər bir halda vətəndaşın, sahibkarın imkanı olur ki, əldə etməyə, icarəyə götürməyə hazırladığı əmlakla bağlı dolğun məlumat əldə etsin. Belə açıqlıq imkan verir ki, hər hansı mülkü, əmlakı almaq istəyən şəxs onun sahibləri barədə dəqiq məlumat ala bilsin. Bu, mülki dövriyyənin şəffaflığı, səmərəliliyi üçündür, bu sahədə etimad yaratmaq üçündür. Bazar iqtisadiyyatı etimad üzərində qurulur, inkişaf edir. Belə etimadın olmadığı ölkədə iqtisadiyyatın hərtərəfli inkişafından, azad bazar münasibətlərinin formalaşmasından danışmağa belə dəymir".
Ekspertin fikrincə, ölkədəki korrupsiyanın, məmur özbaşınalığının, insan haqlarının tapdalanmasının əsas səbəblərindən biri də daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasıdır: “Açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur. Açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Məsələn, hansısa razılığı bir vətəndaşa verib, digərinə verməmək, rüşvət istəmək mümkünsüz olur. Açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini asanlaşdırır. Məsələn, qonşu mənzilinizi suya basıb. Kimi məhkəməyə verəcəksiz? Bunu müəyyən etməyə xeyli vaxt gedir. Reyestr açıq olduğu halda isə portal vasitəsilə dərhal əldə edə bilərsiz. Yaxud binanızın yanında tikinti normalarına zidd nəsə tikilməyə başlayıb. Tikən kimdir? İcazəni hansı qurum verib? Reyestr açıq olduqda, vətəndaş bunu rahatlıqla öyrənə bilir. Çünki hər hansı torpaq sahəsi tikinti üçün kiminsə mülkiyyətinə verildikdə, tikintiyə icazə alındıqda dərhal reyestrdə əksini tapır. Amma bizdəki kimi qapalı olduqda tikinti nəticəsində evi gün işığına həsrət qalan vətəndaş tikinti sahibinin adını öyrənməyə aylarla vaxt sərf edir”.
İqtisadçı vurğulayır ki, şəffaf, effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə daşınmaz əmlakın reyestrini açıq etməliyik: “İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır, çünki torpaq, miqdarı məhdud olan nemətdir. Tarixən ən qanlı müharibələrin kökündə torpaq dayanır: bir dövlət başqasının torpağını ələ keçirməyə çalışır. Müasir dünyamızda da onilliklər boyu davam edən müharibələr var ki, məhz torpaq üstündə başlayıb. Ərəb-İsrail müharibələri, hazırda dünyanı silkələyən Ukrayna müharibəsi. Yəni torpaq minlərlə, milyonlarla insanın qanının tökülməsinə rəvac verəcək qədər qiymətli nemətdir. Bu gün Azərbaycan xalqı faktiki olaraq öz vətəninə sahib deyil, çünki torpaqların, onun üzərindəki tikililərin kimə məxsus olduğundan xəbərsizdir. Biz böyük itkilər hesabına torpaqlarımızı erməni işğalından azad etmişik. Amma o torpaqları əkib-becərənlərin kimliyini öyrənə bilmirik. O torpaqlar kimlərə icarəyə, yaxud mülkiyyətə verilib - bundan xəbərsizik. Eləcə də ölkənin digər ərazilərində yüz minlərlə hektar torpaqlar, onların üzərindəki tikililərin kimə məxsus olduğunu xalq bilmir. Kimsə öyrənmək istəsə belə, buna icazə verilmir. Əgər bir ölkənin vətəndaşı öz ölkəsində torpaqların kimin olmasından xəbər ala bilmirsə, onun ən təməl vətəndaş hüququ pozulmuş olur”.
Hüquqşünasın fikrincə, Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrini qapalı edənlər məhz korrupsioner məmurlardır: “Onlar korrupsiya yolu ilə əldə etdikləri əmlaklar barədə xalqın, sadə vətəndaşın məlumatlı olmasını istəmədikləri üçün reyestri qapalı edən dəyişiklik qəbul olundu. Xatırlayırsınızsa, Azərbaycanda kommersiya hüquqi şəxslərin dövlət reyestri də açıq idi. Hamı hansı şirkətin sahibinin kim olduğunu öyrənə bilirdi. Onu da təxminən 10 il əvvəl qapalı elan etdilər. Bu gün hansısa torpağın bir şirkətə məxsus olduğunu öyrənmək, hələ onun əsl sahibinin kimliyini öyrənmək demək deyil. Çünki şirkətlərin sahibliyini göstərən reyestr də qapalıdır. Təcrübə göstərir ki, iqtisadiyyatda, hüquqlarda qapalılığın olması korrupsiyanın, məmur özbaşınalığının yüksək səviyyəsinin əlamətidir. Azərbaycanda da məhz belədir: böyük həcmdə qanunsuz gəlir əldə edərək onu torpağa,binaya, obyektə yatıran məmurlar sahiblik haqqında məlumatların qapalı olmasında maraqlıdırlar. Digər tərəfdən, korrupsioner məmurların sayəsində yüz minlərlə əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması mümkün olmur. Bakı və onun ətrafında yüz minlərlə belə əmlak var. Həmin əmlaklar bir sıra qurumlarda məmurların külli miqdarda qazanc əldə etməsinə şərait yaradır deyə onlara hüquqların qeydə alınmasına imkan verilmir”.
Ə.Həsənovun sözlərinə görə,daşınmaz əmlak reyestrinin qapalı olması məmurların fəaliyyəti üzərində effektiv ictimai nəzarətin formalaşmasına imkan vermir: “Bu vəziyyət Prezident İlham Əliyevin mövqeyinə də ziddir. O, daim biz vətəndaşlardan məmurlara nəzarət etməyi, aşkarladığımız qanunsuzluqları ona çatdırmağımızı istəyir. Əgər daşınmaz əmlak reyestri, kommersiya hüquqi şəxslərin reyestri qapalıdırsa, biz məmurların fəaliyyətinə necə nəzarət edə, onların qanunsuz gəlir əldə etdiklərini necə müəyyənləşdirə bilərik? Düşünürəm ki, bu reyestr məlumatlarını cəmiyyətdən gizlədən məmurlar bu barədə ciddi düşünməlidilər”.
“Yeni Müsavat”