Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı tərəfindən keçirilən 2 tender müsabiqəsinin (Kotirovka sorğuları) qalibləri "Regıon-LD.2022” MMC (VÖEN-1805932851) və “Bugat-N.P” MMC (VÖEN – 1805932981) olub.
"Regıon-LD.2022” MMC Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatına 39 min 451 manat dəyərində nəqliyyat vasitələri üçün ehtiyat hissələri, “Bugat-N.P” MMC isə 24 min 871 manat 40 qəpik dəyərində sanitariya-gigiyena malları satacaq.
Məlumat üçün bildirək ki, hər 2 tender müsabiqəsi 16.09.2022-ci il tarixində elan olunub. Qalib gələn hər 2 şirkət cəmi 2 ay əvvəl eyni gündə – 22.07.2022-ci il tarixində dövlət qeydiyyatına alınıblar.
Maraqlıdır ki, hər 2 şirkət eyni ünvanda (Sabunçu rayonu, Bakıxanov ŞTQ, Muxtar Fətəliyev pr., ev 35, m. 17), eyni nizamnamə kapitalı ilə (20 manat) dövlət qeydiyyatına alınıblar. Hər 2 MMC-nin qanuni təmsilçisi də eyni şəxs – Piriyev Nurbala Ali oğlu olub.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.