Ramazan ayında oruc tutanlar arasında iftarını evdə açanlarla yanaşı, ailəsi, dost-tanışları ilə birgə restoran və kafelərə üz tutanlar da olur.
Bakının bir çox restoranları müştərilərə müxtəlif qiymətdə iftar və imsak menyuları təklif edir. Hər bir restoran təklif etdiyi münyuya standart qiymət təqdim edir.
Qiymətlər təklif olunan paketlərdəki yeməklərə görə dəyişir. Adambaşına 20 manatdan başlayaraq 40, 50 və hətta 90 manata qədər olan iftar menyusu təklif edilir.
İlahiyyatçı Tural İrfan “Cebhe.info”-ya bildirib ki, restoran və kafelərdə pulla satılan yeməklər iftar deyil:
“Sadəcə dəllalıq edərək adını iftar süfrəsi qoyurlar. Əlacsız adamlardan başqa kim elə yerlərdə iftar açsa, yəni normadan artıq pul ödəsə, israf etmiş sayılır ki, bu da dində haramdır. Ona görə müsəlmanlar özlərini günaha batırmasınlar”.
İlahiyyatçı düşünür ki, bahalı restoranlarda iftar süfrəsinə getmək və həmin obyektlərə xeyir vermək özü də günahdır:
“Çünki kasıblardan qəsb edib haram işləri artırırlar. Onların verdiyi yeməklər də şübhəlidir, çox zaman leş və ya bismillahsız kəsilən ətlər olur. Əti halal olmayan heyvandan hazırlanan yeməklərlə də iftar etmək olmaz”.
Həmsöhbətimiz qeyd edib ki, iftar süfrəsi təqdim edən kafe, restoran sahibləri savab iş görmək istəyirlərsə, pulsuz iftar təqdim edə bilərlər:
“Savab iş görmək çox da bahalı bir məsrəf deyil. Ara-sıra və yaxud bir qab yeməyi pulsuz təklif edərək savab qazana bilərlər. Buna örnək olaraqda qardaş Türkiyədə, digər müsəlman ölkələrində olduğu kimi oruc tutanlara iftar verə bilərlər. Oruc tutmasalar belə, heç olmasa, savab qazanmış olarlar. Bunu etmirlərsə, ən azı camaatı aldadıb, günaha batmasınlar”.