Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda korporativ idarəetmə Standartları”nda dəyişiklik edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra özəl banklarla yanaşı nəzarət zərfi dövlətə məxsus olan banklarda da Müşahidə Şurasının üzvlərinin azı üçdə biri müstəqil üzv olmalıdır. Məsələn, Şuranın üzvlərinin sayı 5 olduqda müstəqil üzvlərin sayı 2, Şuranın üzvlərinin sayı 7 olduqda isə müstəqil üzvlərin sayı 3 olmalıdır.
Həmçinin müstəqil üzv vəzifəsinə irəli sürülən şəxs həmin tarixdə bankın işçisi olmamalıdır. Əvvəllər bankda işləmiş şəxslər yalnız müəyyən fasilədən (“cooling off”) sonra müstəqil üzv təyin oluna bilərlər. Fasilə müddəti şəxsin bankda işlədiyi müddətin azı 3-də 2-sini (azı 3 il) təşkil etməlidir.
Bundan başqa, Şuranın müstəqil üzvü olmaq üçün son 3 ildə bankdan müəyyən edilmiş əmək haqqı və mükafatdan, habelə dividend ödənişindən (2%-dək malik olduğu imtiyazlı səhmlər üzrə) başqa gəlir əldə etməmək tələbi də ləğv edilib.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.