“Bu il manatın məzənnəsinin dəyişəcəyi real deyil”.
Bunu Musavat.com-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
İqtisadçı xatırladıb ki, manatın məzənnəsi sərbəst üzən məzənnə rejimi əsasında müəyyən olunmur:
“Sərbəst üzən məzənnə rejimi odur ki, milli pul vahidi sərbəst şəkildə alqı-satqı prosesinə, ölkədə valyuta çoxluğuna, azlığına, valyutaya olan tələbə, ölkəyə daxil olan valyuta həcmi ilə ölkədən çıxan valyuta həcmi arasındakı nisbətə, xarici ticarət dövriyyəsinə, tədiyə balansına əsasən müəyyən olunur. Mərkəzi Bank inzibati əsasda manatın məzənnəsini nəzarətdə saxlayır, bəlli bir nöqtə müəyyən edib – 1 manat 70 qəpik. Bu, 2017-ci ildən davam edir. Bu da ondan irəli gəlir ki, ölkədə valyuta satan Dövlət Neft Fondudur. Ondan başqa hər hansı bir irimiqyaslı qurum yoxdur. Ancaq valyutaya tələbi olan çoxlu sayda subyektlər - banklar, idxalçı şirkətlər, əhali var. Satan isə bir subyektdir. Ona görə də Mərkəzi Bankı qınamağın yeri yoxdur. Mərkəzi Bank valyutanı sərbəst üzən məzənnə rejiminə buraxa bilməz. Ona görə də Mərkəzi Bankın inzibati qaydada manatın məzənnəsini saxlamaq siyasəti o vaxta qədər davam edəcək ki, ölkənin ixracının 50%-dən çox hissəsini qeyri-neft sektoruna aid istehsal məhsulları təşkil edəcək. Ona isə çatmağımıza görülən işlərlə bərabər minimum 4-5 il lazımdır”.
Ekspert bildirib ki, manatın dəyəri neftin dünya bazar qiymətlərinə bağlıdır:
“Neftin dünya bazar qiymətləri dövlət büdcəsində müəyyən edilən qiymətdən aşağı səviyyəyə düşərsə (50-40 dollardan aşağı), Mərkəzi Bankın inzibati qaydada manatı saxlamaq gücü maksimum 2-3 ay davam edə bilər. Lakin bu il neftin dünya bazar qiymətlərinin 60-50 dollardan aşağı düşəcəyi gözlənilmir. Ona görə də bu il manatın məzənnəsinin dəyişəcəyi gözlənilmir”.