Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükləri bu həftənin sonuna, Türkiyədən isə yaxın gələcəkdə gözlənilir.
Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Azərbaycan və Türkiyədən yumurta alışları ilə Rusiyada yumurtanın qiymətinin yaxın aylarda sabitləşəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, son 1 ildə Rusiyada yumurta 40% bahalaşıb.
"Daxili bazarın təlabatını ödəmək üçün operativ tədbir olaraq toyuq yumurtasına idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulların tədarükünün artırılması üçün dost ölkələrlə də danışıqlar aparılır. Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna, yaxın gələcəkdə isə Türkiyədən gözlənilir. Nəticədə, qarşıdakı ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır",- deyə məlumatda deyilir.
Artıq ilk Türkiyə şirkətləri Rusiyaya toyuq yumurtası ixrac etməyə başlayılar. Bunu Türkiyənin Yumurta İstehsalçıları Mərkəzi Birliyinin idarə heyətinin rəhbəri İbrahim Afyon bildirib. Azərbaycandakı fərdi ticarətçilər bildirir ki, Azərbaycandan Rusiyaya yumurta ixracı daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb olacaq. Hazırda ədədi 16 qəpik olan broyler yumurtasının qiymətinin 25 qəpiyə qədər artacağını deyənlər var.
Quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiyasının sədri Mürvət Həsənli “Cebhe.info”-ya bildirib ki, Rusiya bazarına yumurta ixracına nail olmaq üçün 10 il çalışıblar:
“Yaxın 10 il ərzində biz davamlı olaraq Rusiya Kənd Təsərrüfatı Nazirliyinə müraciət edirdik ki, Azərbaycan istehsalı olan yumurtaları ixrac edə bilək. Nəhayət, 20 gün öncə kənd təsərrüfatı rəhbərliyi ölkəmizə səfər etdi və Qida Təhlükəsizliyi Agentliyi ilə razılığa gəldilər. 6 yerli firma reyestrden keçə bilib. Artıq Rusiya bazarına bu həftədən yumurta ixracına başlamışıq”.
O, həmçinin Azərbaycanın daxili bazarında yumurta istehsalından danışıb:
"Günlük yumurta tələbatımız 3 milyon 600 min ədəddir. İstehsalımız isə 4 milyon 900 min bəzən isə 5 milyon civarında ola bilir. Hal hazırda isə 10 yaxın ölkəyə yumurta ixrac edirik. Onlar yaxın şərq ölkələridir. Adlarını çeksək Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq və digər ölkələrdir. Oktyabrın 1- nə olan məlumata görə 40 milyon üzərində yumurta ixrac olunub və artmaqda sürətlə davam edir.
Bundan əlavə assosiasiya olaraq may ayının sonuna qədər 15-20 faiz civarında istehsalı və ixracı artırmaq istəyirik. Onu da qeyd edim ki, Rusiya bazarı bizim üçün çox böyük bazardır, həm də rentabellidir. Eyni zamanda, logistika baxımından çatdırılma da asandır. Lakin digər bazarlarıda itirə bilmərik. Çalışdığımız qədər bütün bazarlara yumurta təminatıdır”.
Həmsöhbətimiz Rusiyaya yumurta ixracından sonra daxili bazarda qiymətlərin qalxmasından danışıb:
"Mən düşünmürəm ki, daxili bazarda yumurtanın qiyməti qalxsın. Ola bilər 1, 2 qəpik artım olsun. O da hər zaman bazarda baş verə biləcək təbii məsələdir. Yumurtanın qiymətinin qalxmamasını onunla əlaqələndirirəm ki, ölkədə kifayət qədər yem ehtiyatı mövcuddur.
Dövlətin qayğısı və diqqəti yetərli qədərdir. Həm də daxili bazarda 10-a yaxın rəqabət aparacaq firmalar var. Ona görə qiymətlərin qalxması gözlənilmir. Eyni zamanda, səyyar satıcılar da çox olduğuna görə qiymət artımı olmaz”.