Son illər Azərbaycanda həm ətin qiyməti, həm də idxalı artıb.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 24.3 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 46.9 milyon dollar olub. Ötən ilin eyni dövründə ölkəyə 39.8 milyon dollar dəyərində 23.5 min ton ət gətirilib.
74 faiz artım...
Cari ilin yeddi ayında ölkəyə 51 milyon 224 min dollarlıq diri heyvan idxalı reallaşıb. Ötən ilin eyni dövründə bu rəqəm 29 milyon 420 min dollar təşkil etmişdi. Yəni, ötən illə müqayisədə artım 74.1 faiz çoxdur.
Göründüyü kimi, idxalda artım həm diri heyvanlar, həm də ət şəklində müşahidə olunur.
Son günlər ölkədə mal ətinin 1 kiloqramı 1-2 manat bahalaşaraq 12-13 manat, qoyun ətinin 1 kiloqramı isə 2-3 manat bahalaşaraq 15-16 manat olub.
Ət kəsimi ilə məşğul olanlar deyir ki, qiymət artımı alıcılıq qabiliyyətinə də təsir göstərib. Artıma səbəb idxalla yanaşı, yem qiymətlərinin artması və otlaq yerlərinin az olması göstərilir.
İqtisadçı Pərviz Heydərov Teleqraf.com-a bildirib ki, aqrar sektorda heyvandarlıq sahəsində yaranmış mövcud vəziyyət ürəkaçan deyil.
O qeyd edib ki, heyvan yemlərində idxaldan asılı olmasaq da, qiymətlər çox yüksəkdir: “Heyvandarlıq üçün daim prioritet olan örüş yerləri (otlaqlar) pambıqçılıq, tütünçülük və taxılçılıq kimi məhsulların əkini sahəsinə çevrilir. Torpaq olmadığı üçün yem bahalaşır, nəticədə insanlar mal-qara saxlamaqdan imtina edir.
Ölkədə qəribə bir tendensiya yaranıb. Deyəndə ki, bir sahəyə xüsusi diqqət ayrılmalıdır, digər sahə dərhal yaddan çıxır. Bütün potensial bir istiqamətə yönəldilir. Bu, qəbuledilməzdir. İstehsal elə bir sahədir ki, onun müəyyən məhdud imkanları var. Nə qədər çalışsan da, torpaq sahələrini genişləndirmək mümkün olmur. Əhali artır, yeni istehsal sahələri yaranır və sair... Kor-koranə şəkildə bütün diqqəti taxılçılığa yönəltsək, onda digər sektorlar məhv olar”.
Pərviz Heydərovun fikrincə, ölkədə heyvandarlıq sahəsi üzrə vəziyyət 5-10 il əvvəlki səviyyədə deyil: “Hazırda özünü büruzə verən qiymət artımı əvvəlcədən proqnozlaşdırılırdı. Əgər ölkədə heyvandarlıqla bağlı mövcud şəraitə diqqət yetirilməsə, artım ardıcıl xarakter daşıyacaq və qiymət 20-25 manat aralığına çatacaq. Qarşıdakı payız-qış mövsümündə növbəti artım müşahidə edilə bilər. Bunu həqiqət kimi qəbul etmək istəməzdim, amma təəssüf ki, ölkədəki aqrar sektorun real vəziyyəti bunu sübut edir.
Təxminən 5-10 il əvvəl Azərbaycanın özünü təmin etdiyi əsas ərzaq məhsulları içərisində ət mühüm yer tuturdu. Ölkə ət və ət məhsullarına olan tələbatının 90-95%-ni daxili istehsal hesabına qarşılayırdı. Bu, heç də uzaq keçmiş sayılmır. Dediklərimə dövlət başçısının əvvəlki dövrlərdə ilin iqtisadi yekunlarına həsr olunan iclaslarında etdiyi çıxışlarda da əyani şahid ola bilərik. Əlbəttə, vəziyyətin qısa müddətdə belə kəskin dəyişəcəyi gözlənilmirdi.
Reallıq bundan ibarətdir ki, əvvəllər kənd təsərrüfatı ilə məşğul olan ailələr 3-5 baş iri və xırdabuynuzlu heyvan saxlayırdısa, indi belə bir halla qarşılaşmaq böyük bir möcüzəyə çevrilir. Çünki kimi danışdırırsan, hamısı yemin baha olmasından, otlaq yerlərinin olmamasından şikayətlənir. Halbuki 5-6 il öncə xaricdən cins iribuynuzlu heyvanlar alınıb gətirilib kəndlilərə paylanılırdı. Maraqlıdır, bu, niyə nəticə vermədi?! Ciddi tədbirlər görülməsə, ölkəmiz heyvandarlıq məhsulları sahəsində idxaldan asılı vəziyyətə düşəcək”.
Analitik qeyd edib ki, ölkəyə kəsim üçün gətirilən diri heyvanların dəyərində 74 faiz artım var. O, bunu təhlükəli hesab etmir: “Ən təhlükəlisi ölkəyə döndurulmuş şəkildə idxalı olunan ət məhsullarının həcminin artmasıdır. Latın Amerikası, Hindistan kimi bir sıra ölkələrdə ət və ət məhsulları Azərbaycanla müqayisədə qat-qat ucuzdur. Belə ölkələr əti idxal etməyə yer axtarırlar. Əgər sahibkarlarımızın bir qismi buna öyrəncəli olsa, yaxud bu sahədə olan kənar təsirlərə düşsə, getdikcə bu artım stimullaşar və növbəti illərdə qarşını almaq mümkün olmaz. Yəni ucuz və keyfiyyətli ət məhsullarının ölkəyə idxalı qarşısıalınmaz bir məsələyə çevrilə bilər. Azərbaycan kimi böyük olmayan ölkələrin ucuz ət idxal edən dövlətlərin asılılığına düşməsi çox asandır. Bu məsələyə olduqca təhlükəlidir və həllinə ciddi yanaşmaq lazımdır.
Hökumətin bu sahəyə xüsusi diqqətini müşahidə etməliyik. Bu sektorda təcili dövlət siyasəti hazırlanıb həyata keçirilməlidir”.