“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo aprelin 9-da İngiltərə Premyer Liqasında keçirilən “Everton”la oyundan (0:1) sonra nalayiq və aqressiv davranışda ittiham olunub.
Qol.az xəbər verir ki, ötən mövsüm ölkə çempionatının 32-ci turunun matçı başa çatdıqdan sonra portuqaliyalı azarkeşlərdən birinin telefonunu sındırıb. Futbolçu paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. O, fanatın əlini itələyən vaxtı telefon yerə düşüb. Oyunçu daha sonra hadisəyə görə üzr istəyib.
“Sky Sports” nəşri yazıb ki, İngiltərə Futbol Assosiasiyası yalnız indi bu hadisəni araşdırmaq qərarına gəlib və futbolçuya ittiham irəli sürüb.