“Barselona”nın futbolçusu Jerar Pike və baş məşqçi Xavi arasında gərginlik yaşanıb.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hadisə Kataloniya təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Bavariya”ya (0:2) məğlub olduqları görüşdən sonra baş verib. Belə ki, Pike uduzduqları matçdan sonra soyunub-geyinmə otağında komandada istədiyi oyun vaxtını ala bilmədiyi üçün şikayətlənib. Bu zaman ispaniyalı oyunçunun sözlərini eşidən Xavi – “Bundan sonra daha az oynayacaqsan” sözləri ilə kəskin reaksiyasını bildirib.
Xəbərə görə, məlum hadisədən sonra müdafiəçi ilə mütəxəssis arasında münasibətlərin gərgin olduğu bildirilir.
Qeyd edək ki, 2008-ci ildən “Barselona”da çıxış edən Pike bu mövsüm ilk “11-lik”dəki yerini itirib. Xavinin müdafiə xəttində Andreas Kristensen, Erik Qarsiya, Jül Kunde və Ronald Arauxoya üstünlük verməsi ilə 5-ci seçim olmaqdan imtina edən təcrübəli müdafiəçi yalnız 2 matçda meydana çıxmaq şansı qazanıb.