
2-ci Qarabağ müharibəsində minaya düşərək ayaqlarını itirən mayor Polad Rzayev protez ayaqlarla xizək, dağçılıq kimi idman növləri ilə məşğul olaraq həyatını davam etdirir.
Oxu.Az xəbər verir ki, "Anadolu" agentliyi onun barəsində məqalə hazırlayıb.
Məqalədə bildirilir ki, Bakıda dünyaya gələn Poladın 3 yaşı olarkən o, Şuşa şəhərinin müdafiəsi zamanı tabor komandiri olan atası Tofiq Rzayevi itirib.
Atasının qəhrəmanlıq hekayələrini eşidərək böyüyən Polad hərbi liseyə daxil olub və liseyi bitirdikdən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələrində xidmətə başlayıb.
2020-ci ildə Qubadlı şəhəri yaxınlığında minaya düşərək ağır yaralanıb və ayaqlarını itirib.
36 yaşlı Rzayev indiyə qədər Rusiyada Avropanın ən hündür zirvəsi olan Elbrus dağı (5,642 m) və ölkə daxilində bir çox dağa qalxıb. Dağçılıqla yanaşı üzmə, futbol və xizək idman növləri ilə məşğul olur.
Azərbaycan Paralimpiya Komitəsində xizək üzrə milli idmançı kimi çıxış edən Rzayev, keçən il Fransa və İtaliyada keçirilən yarışlarda ölkəsini təmsil edib.
Rzayevin həyatından təsirlənən rejissor və bəstəkar Cavid Səmədov onun haqqında "Yarım Dəmir" adlı sənədli film çəkib. Film bir çox festivalda mükafat qazanıb.
Ən son olaraq isə film Türkiyədə keçirilən 2-ci Beynəlxalq Turan Film Festivalında "Ən Yaxşı Beynəlxalq Sənədli Film" adına layiq görülüb.
Polad Rzayev "Anadolu"ya verdiyi müsahibədə Everestə dırmaşaraq dünyaya sülh mesajı vermək istədiyini bildirib:
"Dünya hər kəsə yetər, gəlin sülh içində yaşayaq. Dünya heç kimə qalmayacaq. Özünüzü, ətrafınızdakı insanları və təbiəti sevin", - deyə o bildirib.