İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində London “Tottenhem”i Birminhem “Aston Villa”sını qəbul edib.
Oxu.Az xəbər verir ki, oyunu Robert Consun rəhbərlik etdiyi arbitrlər briqadası idarə edib.
Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qol 22-ci dəqiqədə vurulub: londonluların argentinalı yarımmüdafiəçisi Covani Lo Çelso fərqlənib. “Aston Villa” birinci yarının sonunda status-kvonu bərpa edib: 52-ci dəqiqədə Pau Torres topu tora göndərib. Qonaq komandanın qələbə qolunu isə 61-ci dəqiqədə İngiltərə millisinin hücumçusu Olli Uotkins vurub. Bu qələbədən sonra “aslanlar” 28 xala malikdirlər. Unai Emerinin yetirmələri turnir cədvəlində “mahmızlar”ı (26 xal) ötərək dördüncü pilləyə yüksəliblər.
Xatırladaq ki, ötən gün çempionatın favoritləri - “Mançester Siti” və “Liverpul” arasındakı qarşılaşmada qalib müəyyən edilməyib. Hazırda turnir cədvəlinə “Arsenal” (30) başçılıq edir. Mikel Artetanın komandası “Mançester Siti” - “Liverpul” matçındakı xal itkilərindən faydalanaraq zirvəyə yüksəlib. “Topçular”ı “şəhərlilər” (29) və “qırmızılar” (28) təqib edirlər.