Oyunun 85-ci dəqiqəsində Qarabağın vurduğu qol komandaya zəfər gətirib. Avqustun 10-da Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “HİK” komandası ilə qarşılaşıb. Azərtac xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə ağdamlılar 2:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın aşkar üstünlüyü şəraitində keçən görüşdə “köhlən atlar” matçın əvvəlində hesabı açsalar da, bu qol hesaba alınmayıb. Ağdamlıların çoxsaylı hücumlarına baxmayaraq, görüşün birinci hissəsində hesab açılmayıb. Fasilədən sonra azarkeşlər daha maraqlı qarşılaşma izləyiblər. Çoxsaylı hücumlar təşkil edən “Qarabağ” matçın 76-cı dəqiqəsində istəyinə çatıb. Abdullah Zubirin rəqibin cərimə meydançasına ötürdüyü topa hamıdan tez yetişən Leandro Andrade qapını dəqiq nişan alıb – 1:0. Görüşün 77-ci dəqiqəsində “HİK” hesabı bərabərləşdirməyə nail olub. Antoni Olusanya komanda yoldaşı Santeri Hostikkanın ötürməsini qola çevirməyi bacarıb – 1:1. Lakin qonaqların qol sevinci cəmi səkkiz dəqiqə çəkib. Oyunun 85-ci dəqiqəsində Qarabağın heyətində Cuninyonun vurduğu top müdafiəçiyə toxunaraq istiqamətini dəyişsə də, tora daxil olub – 2:1. Matçın qalan dəqiqələrində hər iki komanda, xüsusən də “Qarabağ” bir neçə qol epizodu yaratsa da, oyunda hesab dəyişməyib. Beləliklə, “Qarabağ” komandası UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci turunda qələbə qazanmaqla cavab matçı üçün əlverişli imkan yaradıb.