“Sel, daşqın gələn ərazilərdə, xüsusilə də Goranboy və Tərtərdə ümumi vəziyyət stabildir”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Meliorasiya və Su Təsərrüfatı ASC-nin sözçüsü Dilqəm Şərifov məlumat verib.
O bildirib ki, qurumun texnikaları ərazidə təmizlik işlərini davam etdirirlər:
“Hazırda texnika sel suları ilə gələn qalıqları, lil, daş, çör-çöpün təmizlənməsi ilə məşğuldur. Bu günə sözügedən ərazilərdə hava durumunu stabil qiymətləndirmək olar”. Qeyd edək ki, ötən gün Goranboy, Tərtər bölgəsində sel və daşqınlar müşahidə edilib. Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəranda isə dolu yağıb. Hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələri sadalanan bölgələrdə yaşayış evlərinə, təsərrüfat sahələrinə ciddi ziyan vurub.