Bakı Nəqliyyat Agentliyi (BNA) külli miqdarda cərimələnib.
Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin tələbləri pozulması ilə bağlı Bakı Nəqliyyat Agentliyi barəsində protokol tərtib edib və baxılması üçün məhkəməyə göndərilib.
Məlum olub ki, BNA xaricdən çəkisi 120 kq, ümumi gömrük dəyəri 40120 manat olan, avtobuslarda istifadə edilməsi üçün nəzərdə tutulan monitorlar gətizdirib. 2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yüklərin gömrük ərazisinə 2023-cü ildə gətirilməsi aşkar edilib.
Bununla da Bakı Nəqliyyat Agentliyi 497-ci maddəsinin tələbləri pozub.
Məhkəmənin qərarı ilə BNA İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin – 40120 manatın 30 faizi miqdarında, yəni 12.036 manat məbləğində cərimə edilib.
İXM-in 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.