Cənub qonşumuz İranda baş verən proseslər ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir. Ən azından ona görə ki, 40 milyona yaxın azərbaycanlının yaşadığı İranın taleyi dövlətimizi düşündürməyə bilməz.
Böyük güclər İran rejiminin zəiflədilməsi üçün birləşiblər. Azərbaycan Respublikası işğaldakı torpaqları azad etdikdən sonra Güney Azərbaycanla bağlı konsepsiyası varmı?
Millət vəkili Hikmət Babaoğlu Globalinfo.az-a bildirib ki, hazırda dünyada baş verən dərin siyasi proseslər XXI əsrin daha yeni beynəlxalq münasibətlər sistemini yaradacaq:
“Bu münasibətlər sistemində XX əsrdə mövcud olan aktorların hansı formada yer alması məhz indi baş verən proseslərlə birbaşa əlaqədardır. Şübhəsiz ki, biz dərin siyasi proseslərin baş verdiyini qeyd edərkən onun həm də idarə olunan, böyük güclər tərəfindən diktə olunan proseslər olduğunu bilirik. Ona görə İranda baş verənlərin nə ilə nəticələnəcəyi hər şeydən öncə dünyanın yeni mənzərəsini yenidən inşa edənlərin bu prosesdə İrana ayırdığı yerlə bağlı olacaq”.
H.Babaoğlunun sözlərinə görə, heç şübhəsiz ki, İranda yaşayan soydaşlarımızın bu prosesdə nə qədər fəal iştirak etmələri, İranın gələcəyi ilə bağlı nə dərəcədə təşkilatlanmaları əsas imperativ olacaq:
“Bu proseslərdə İran xalqlarının hər biri öz gələcəkləri ilə bağlı aydın təsəvvürə malik olmalı və bunun ətrafında birləşməyi bacarmalıdırlar. Hazırda isə İran xalqlarının ölkənin mümkün gələcəyi ilə bağlı hadisələrə nə dərəcədə hazır olub-olmaması bir qədər sual doğurur. Çünki hələ də proseslərə aydınlıq gəlməyib. Ümumi kütləvi etirazların hədəfi nədir? Hələ ki, bu proseslərdə xaotik bir nizam var. Bir tərəfdən ardıcıl və sistemli olan etirazlar, eyni zamanda xaotikdir. Ona görə bizə elə gəlir ki, əslində İranda idarə olunan xaos baş verir”.
Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının mövqeyi belədir ki, İranda hüquqları təmin olunmuş, ana dilində təhsil alan və dünya azərbaycanlıları ilə inteqrasiya edə bilən, öz identikliklərini qorumağı bacaran azərbaycanlılar yaşamalı və onlar öz tarixi vətənləri olan İranda tam hüquqlara malik olmalıdırlar.