Hindistanın hüquq-mühafizə orqanları pəncablı müğənni Sidhu Musevalanın qətlinin təşkilində şübhəli bilinərək saxlanılan şəxslərin Azərbaycan və Keniyadan ekstradisiyası ilə bağlı danışıqlar aparır.
“Report” Hindistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Arindam Baqçi bildirib.
“Azərbaycanda və Keniyada şübhəli şəxs yerli hakimiyyət orqanları tərəfindən saxlanılıb. Növbəti addımlar üçün aidiyyəti orqanlarla əlaqə saxlayırıq”, - XİN sözçüsü deyib.
O, qeyd edib ki, Saçin Bişnoy kimi tanınan Saçin Txapan Azərbaycanda aşkarlanaraq saxlanılıb. Anmol Bişnoy isə Keniyada yaxalanıb. Saçin və Anmol mayın 29-da Pəncabın Mansa rayonundakı Cavaharke kəndində Musevala qarşı sui-qəsdin planlaşdırılmasında iştirak ediblər.
Hindistan polisin məlumatına görə, onlar Musevalın qətlindən bir neçə gün əvvəl Hindistandan qaçıblar, lakin 28 yaşlı pəncablı müğənnini öldürən silahlı şəxslərlə əlaqədə olublar.
Qeyd edilir ki, Hindistan və Azərbaycan 2013-cü ildə ekstradisiya haqqında saziş imzalayıblar. Müqavilə Saçin Txapanın Azərbaycandan ekstradisiyasını asanlaşdıracaq.