Dünyanın hər yerində fərqli-fərqli uğursuzluq hesab edilən rəqəm, hərəkət və davranışlar var.
Ölkə.Az xəbər verir ki, bu cür davranışlara yol verən şəxslər başlarına bədbəxt hadisələrin gələcəyinə inanırlar. Odur ki, dünyanın ən qəribə xurafatlarını təqdim edirik: Almaniyada bir insanı doğum günündən əvvəl təbrik etmək olmaz. Onlar düşünür ki, beləliklə cinlər xoş arzuları eşidə və onların həyata keçməməsi üçün əllərindən gələni edə bilərlər.
Böyük Britaniyada sağsağan görmək uğursuzluq sayılır. Ona görə də hardasa sağsağan görsəniz, onları nəzakətlə qarşılasanız yaxşı olar: məsələn deməlisiniz ki, “Sabahınız xeyir, cənab sağsağan. Bu gün xanımınız necədir?” Bunun səbəbi də odur ki, adətən sağsağanlar cüt gəzir və onları tək görmək kədəri ifadə edir. Polşada çantaların yerə qoyulması yanlış hesab olunur. Çünki insanlar çantalar yerdə olan zaman içindəki pulun asanlıqla çıxa biləcəyinə inanırlar. Polşada həmçinin insanlar inanırlar ki, əgər kimsə ölübsə, cəsədi növbəti bazar gününə qədər basdırmalısınız, əks halda daha bir yaxın adamınızı itirə bilərsiniz.
İspanyada insanlar ayın 13-nə təsadüf edən çərşənbə axşamını uğursuz sayır. Onların inancına görə bu günlərdə evlənmək və ya səyahət etmək olmaz. İtaliyada isə ayın 17-nə təsadüf edən cümə günü pis xəbər deməkdir. Həmin gün heç bir şey etməməli, ən azından xüsusi bir günü qeyd etməməlisiniz. Bunu etsəniz belə heç olmasa, bənövşəyi geyinməməlisiniz. İsveçdə isə hörümçəyi öldürmək qadağandır. Çünki mövhumata görə, hörümçəyi öldürsəniz, sabahısı günü mütləq yağış yağacaq. Fransada batil inanclar daha çoxdur. Məsələn, hansısa quş pəncərənizdən içəri baxsa, pis bir şey olacaq və ya hamilə qadın bayquş görsə, qız doğulacaq deməkdir.
Fransızlar həmçinin inanır ki, çörəyi tərsinə qoyan insan onu yeyirsə, lənətlənəcək. Türkiyədə kiməsə əldən-ələ qayçı və ya bıçaq vermək o şəxslə dalaşacağınız, hətta düşmən olacağınız mənasına gəlir. Bu inanc Azərbaycanın də bəzi bölgələrində mövcuddur. Rusiyada evdən çıxdıqdan sonra nəyisə yadınızdan çıxarmısınızsa, geri qayıtmamalısınız. Deyək ki, unutduğunuz əşya çamadandır və geri dönməlisiniz. Bu zaman evə qayıtsanız əsla fit çalmayın. Şeytanı bir müddət səyahət etməyəcəyinizə inandırmaq üçün çamadanın üzərində oturmalı və geri qayıtmazdan əvvəl həmişə güzgüyə baxmağı unutmamalısınız.
Yaponiyada isə “şi” kimi tələffüz edilən 4 rəqəmi həm də ölüm mənasına gəlir. Ona görə də 4 elementdən ibarət hədiyyələrdən məsələn 4 gül, 4-lü boşqab və s. qaçın. Bu səbəbdən Yaponiyada bir çox binalarda mərtəbələrdə 4 rəqəmi yoxdur. Yaponiyada 9 rəqəmi də uğursuz sayılır çünki “əzab” sözü ilə eyni cür tələffüz edilir.
Cənubi Koreyada gecə fit çalmaq uğursuzluq əlaməti sayılır. Çünki onlar inanır ki, belə etsəniz, pis ruhlar varlığınızdan xəbərdar olacaq. Eyni zamanda cənubi Koreyada isə məzarlarda yazılar qırmızı olduğu üçün birinin adını qırmızı ilə yazmaq pis hadisələrə işarə edir.