1991-ci ilin dekabrında Almatı Bəyannaməsi qəbul olunanda Ermənistan bu bəyannaməyə qeyd şərtlərlə qoşuldu.Təxminən ona yaxın qeydini bura əlavə etməklə həmin sənədi imzaladı. Bu qeydlərin içərisində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bu ərazinin Azərbaycanın tərkib hissəsi olmasını istisna edən və 1989-cu il bir dekabrda Ermənistan Ali Sovetinin qərarına istinad edərək Almatı Bəyannaməsini imzalayıb.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, 1989-cu ilin bir dekabrında Ermənistan Ali Sovetinin qəbul etdiyi qərar o zamankı Sovetlər birliyinin Ali Sovetinin Rəyasət Heyəti tərəfindən ləğv olunub:
“Yəni heç bir hüquqi qüvvəyə malik olmayan bir sənəddir. Məhz bunun üzərindən Ermənistan indi də taktika işlədərək hiyləgərliyə əl ataraq Bakını tələyə salmaq və Almatı bəyannaməsinə istinad etməklə gələcəkdə Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək niyyətini güdür. Əgər belə olmasaydı, Ermənistan özünün qanunvericilik aktlarında Azərbaycana ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasını təmin edərdi və Konstitusiya dəyişikliyinə getmək üçün referendum keçirərdi. Bunların heç biri olmadığı halda Ermənistan Azərbaycanı özünün və himayədarlarının hazırladığı tələyə salmaqla yarımçıq sülh müqaviləsi imzalatmaq və gələcəkdə yenidən revanşa cəhd etməyi düşünür. Bakı bunu bildiyindən təbii ki, yarımçıq sülh müqaviləsi imzalanmayacaq. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Azərbaycan Ermənistandan həm konstitusiya dəyişikliklərin edilməsini, eyni zamanda qanunvericilik aktlarında qeyd olunan ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasını tələb edir. Bununla paralel olaraq ATƏT-in Minsk qrupunun hüquqi cəhətdən fəaliyyətinin dayandırılması ilə bağlı birgə müraciət etməyi təklif edir. Ermənistan hər iki təklifdən yayınmaqla zamanı uzatmağa çalışır. Həmçinin özünün Qərbdəki dəstəkçiləri vasitəsilə sürətlə silahlanmaq və gələcək revanşla bağlı planlar qurmaq üzərində işləyir”.
Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycanın COP29-dan istifadə etməklə Ermənistana hücum edəcəyinə dair avantürist və iftira xarakterli açıqlamalarına gəlincə, politoloq bildirib ki, İrəvandan belə açıqlamalar zaman-zaman eşidilir:
“Eyni zamanda, Ermənistanla bərabər onun havadarları da uzun müddət guya Zəngəzur dəhlizi ilə bağlı mövqe bildirərkən qeyd edirlər ki, guya Azərbaycan Zəngəzur dəhlizinin güc tətbiq etməklə açılmasına nail olmaq istəyir. Azərbaycan sülh müqaviləsi üzrə danışıqların tərkibinə kommunikasiyaların açılması məsələsini çıxarmaqla əslində bütün bu böhtanları heçə endirdi. İndi də COP29 ərəfəsində Azərbaycana qarşı beynəlxalq bir təzyiq kampaniyası həyata keçirilir. Ermənistan da bu təzyiq kampaniyasında bir vasitə olaraq istifadə edilməkdədir. Ermənistan könüllü şəkildə əldə vasitə kimi istifadə olunmağa razılaşıb. Azərbaycanın Ermənistan ərazilərində hansısa bir hücum əməliyyatı ilə bağlı planları yoxdur. Bu, birmənalı şəkildə istisna olunur. Dəfələrlə ən yüksək səviyyədə bu elan edilib. Amma Azərbaycanın mövqeyi yalnız bununla məhdudlaşmır. Bakı eyni zamanda İrəvana və onun xarici, Qərbdəki havadarlarına xəbərdarlıq edərək Ermənistanın sürətlə silahlandırılması prosesinin dayandırılmasını təklif edir. Açıq şəkildə gələcəkdə hansı gərginlik olacaqsa, Azərbaycana Ermənistan ərazisindən təhdidlər yaranacaqsa, Bakı buna qarşı cavab tədbirləri görəcək. Azərbaycan Ermənistanı təhlükəli oyunlara vadar edən, həmçinin bölgədəki sülh və sabitliyə zərbə vuran hərəkətlərdən çəkinməyə çağırır”.