Azərbaycan COP29-un keçiriləcəyi noyabr ayı ərzində dünyadakı münaqişələrdə atəşkəs təklifi ilə çıxış edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında ümumi müzakirələrdəki çıxışında noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ayında münaqişələrdə bütün tərəfləri atəşkəsə çağırıb.

Azərbaycan xarici işlər naziri çıxışında həmçinin COP29, karbon təsirlərinin azaldılması, qlobal temperatur artımı, beynəlxalq sülh və təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında sülh prosesi, yaşıl enerjiyə keçid məslələrini diqqətə gətirib.

“COP29 eyni zamanda, fikir ayrılıqlarının bir kənara qoyulması və qlobal sülhə və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaqdır. Münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimi məsələlər arasında əlaqəni nəzərə alaraq, Azərbaycan bir neçə gün əvvəl COP29 naminə Birgə Atəşkəs Çağırışı flaqman təşəbbüsünü elan edib. Mindən çox qeyri-hökumət təşkilatı, dini liderlər və görkəmli şəxsiyyətlər və bir çox tərəf artıq bu çağırışa qoşulub. Biz COP29 ayı ərzində hər kəsi siyasi fikir ayrılıqlarını aşmağa, həmrəy olmağa və Atəşkəsə hörmət etməyə çağırırıq”, nazir qeyd edib.

Nazirin fikrincə, qlobal iqlim böhranı onilliklər ərzində əldə edilmiş tərəqqiyə təhdid yaradır, bəşəriyyətin gələcəyini təhlükə altına qoyur və həssas ölkələrə qeyri-mütənasib təsir göstərir.
“Qlobal temperatur artımını 1.5 selsi dərəcəyədək məhdudlaşdırmaq üçün indiyədək görülmüş işlər kifayət deyil. Gələcək naminə, dayanıqlı inkişaf üzrə qlobal baxışa dair öhdəliklərimizi reallaşdırmaq üçün təcili, birgə və davamlı səylərin vaxtı yetişib”, o qeyd edib.

Bayramov deyib ki, Azərbaycan COP29-a sədrliyi ilində karbon bazarları üzrə nəticəyə nail olmaq üçün tərəflərlə işləyir.

“Biz iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqə, yaşıl enerji zonaları və dəhlizləri, enerji resurslarının saxlanması, iqlim davamlılığının harmoniyası, kənd təsərrüfatı, təmiz hidrogen və üzvi tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət mövzularını əhatə edən 14 təşəbbüs irəli sürmüşük”, nazir deyib.

Bayramov bildirib ki, Azərbaycan mərkəzində BMT dayanmaqla, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinin ciddi riayət olunmasına və islahatlar aparılmış çoxtərəfli sistemin tərəfdarıdır.

“Dürüstlük və çeviklik, konstruktivlik, əməkdaşlıq ruhunda görülən işlərə və əldə edilən nailiyyətlərə əsaslanaraq, BMT Təhlükəsizlik Şurasının islahatları üzrə təcili irəliləyişə ehtiyac var”.

Onun fikrincə, Azərbaycan hər zaman beynəlxalq sülh və təhlükəsizliyin, konfessiyalar və mədəniyyətlərarası dialoqun təşviq edilməsində ön sırada yer alıb.

“Heç kəsi geridə qoymamaq” kimi nəcib çağırışı rəhbər tutan Azərbaycan ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki dəstək göstərmişik”, o qeyd edib.
O, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, yoxsulluğun 5 faiz ətrafında olduğunu, son illərdə ümumdaxili məhsulun 4 dəfə artdığını bildirib. Nazir ölkədə yaşıl enerjiyə sürətli keçidi də diqqətə çatdırıb.

“Azərbaycanda 2030-cu ilədək bərpa olunan enerjinin ümumi elektrik enerjisi gücündəki payı 30%-ə çatacaqdır. Belə yüksək hədəfin qoyulmasında məqsəd ilk növbədə, enerji səmərəliliyinin artırılması və şəhər mühitində, nəqliyyat sistemlərində və sənayedə innovativ həllərin tətbiqidir. Qarşıdakı illərdə bərpa olunan elektrik enerjisi istehsalının proqnozlaşdırılan artımı Azərbaycana Qara Dəniz Sualtı Kabel Layihəsi kimi əlamətdar transregional layihə vasitəsilə Avropa ölkələrinə yaşıl elektrik enerjisi ixracatçısına çevrilməyə imkan verəcək”, o deyib.

Nazirin fikrincə, Ermənistanla silahlı münaqişənin sona çatması Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb.

“Onilliklərdən sonra ilk dəfə bölgədə sabitlik əldə edilib, de-fakto sülh bərqərar olub”, o qeyd edib.

Bayramovun fikrincə, son bir il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli danışıqlar yolu ilə normallaşma prosesində, xüsusilə ikitərəfli müqavilənin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, habelə etimad quruculuğu tədbirlərinin işlənib hazırlanması istiqamətində mühüm irəliləyişə nail olublar.

Eyni zamanda nazir Bayramov deyib ki, normallaşma prosesinin başa çatdırılması üçün Ermənistan konstitusiya dəyişikliklərini həyata keçirməklə hüquqi müstəvidə Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik imtina etməlidir.

“Ermənistanın hərbi büdcəsini kəskin artırması, həm ənənəvi, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, keçmiş münaqişəyə əsaslanan tezisləri və strukturları saxlamaq cəhdləri ilə birlikdə konstitusiya dəyişikliklərinin həyata keçirilməsi xüsusunda səhlənkarlığı normallaşma prosesinə xələl gətirir”.

Nazir həmçinin bir sıra beynəlxalq güclərə işarə edərək bəyan edib ki, “dünyanın başqa bölgələrində iztirablara səbəb olmuş uğursuz təcrübələrin revanşizmi qızışdırmaq yolu ilə Cənubi Qafqazda sınaqdan keçirmək cəhdlərinə son qoyulmalıdır”.

Bayramov ağır müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərlə bağlı ədalətin bərpasını vacib sayır. O, Azərbaycanda mina təhlükəsindən də danışıb və ölkələri humanitar minatəmizləmə işlərinə kömək etməyə çağırıb.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışında deyib ki, Ermənistanla Azərbaycan arasında sülh təkcə mümkün deyil, həm də əlçatandır.

“Bu yaxınlarda, 2024-cü il avqustun 30-da Ermənistan və Azərbaycan hər iki ölkənin demarkasiya komissiyalarının birgə fəaliyyəti haqqında nizamnamə imzalayıblar. Bu, ilk ikitərəfli hüquqi müqavilədir. De-yure bir daha təsdiq olundu ki, hər iki ölkənin bir-birinə heç bir ərazi iddiası yoxdur, yalnız növbəti addımı atmaq və sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş imzalamaq qalır”, o qeyd edib

Baş nazir bildirib ki, Azərbaycan Prezidenti və o dəfələrlə qeyd edib ki, sazişin ən azı 80 faizi razılaşdırılıb.

“İndi bu tarixi fürsətdən yararlanmaq və təhlükəli dalana dirənməmək üçün Ermənistan razılaşdırılmış hissəni imzalamağı, sonra başqa məsələlərlə bağlı danışıqları davam etdirməyi təklif edir. Biz indi bunu etməyə hazırıq”, o bildirib.

Sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

"Tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər," hər iki ölkənin xarici işlər nazirliklərinin yaydığı bəyanatda bildirilib.
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib
18 Noyabr 2024 ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi

Dünyapress TV

Xəbər lenti