Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası zamanı baş verən silahlı insidentə münasibət bildirib.
“Həyata keçirilən silahlı hücumu qınayır, ağır yaralanan vətəndaşımıza şəfa diləyirəm” - Ərdoğan özünün “X” sosial şəbəkə hesabında yazıb.
Türkiyə lideri əlavə edib ki, hadisədən dərhal sonra hücumla bağlı hərtərəfli istintaq başladılıb. “Seçki prosesinin sağlam və demokratik gedişinə dözə bilməyənlərin prosesi zəhərləməsinə heç vaxt imkan verməyəcəyik” – deyə R.T.Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Türkiyədə seçkiqabağı tədbirdə atışma olub. Belə ki, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə irikalibrli silahdan atəş açılıb. Hadisə nəticəsində 22 yaşlı Türkiyə vətəndaşı yaralanıb.