“Zəngəzur dəhlizi” hazırda bütün Yaxın Şərqin ən mühüm problemlərindən biridir və onun istənilən həlli bütün regiona təsir edəcək.
Bunu erməni ekspert Varujan Qeqamyan deyib.
Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” mövzusu getdikcə Türkiyənin ictimai gündəminin ən mühüm hissəsinə çevrilməkdədir.
“Türkiyənin müxalifət partiyalarının bu mövzu ilə fəal məşğul olması bunu sübut edir. Müxalifətdə olan millətçi “İYİ” partiyasının lideri Meral Akşənər ötən gün partiyanın iclasında çıxışı zamanı deyib ki, Azərbaycanla Türkiyə arasında birbaşa və maneəsiz əlaqə yaranacaq. Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının birləşməsi üçün tarixi addım atılacaq”, - o qeyd edib.
Ekspert hesab edir ki, bütün bunlar “Zəngəzur dəhlizi”nin Yaxın Şərqin ən mühüm problemlərindən biri olduğunu göstərir və onun istənilən həlli bütün regiona təsir edəcək: “Türkiyə üçünsə bu, türk dünyasının birləşməsi istiqamətindəki tarixi şansdır. Bütün Türkiyə siyasi meydanının dəhlizin açılmasının vacibliyindən danışmasının səbəbi də budur”. \\Ölkə.Az