Son günlərdə İranda sosial-iqtisadi zəmində etiraz aksiyalarının yeni vüsət alması müşahidə edilir. Elə bu fonda İran telekommunikasiya şirkətinin təqaüdçüləri Ərdəbil, Qəzvin, Ərak və Tehran daxil olmaqla müxtəlif vilayətlərdə aksiya və yürüş keçirməyə davam ediblər.
Sosial şəbəkələrdə paylaşılan videolarda müxtəlif şəhərlərdə toplaşan təqaüdçülərin şüarlar səsləndirdiyi və üzərində şüarlar yazıldığı plakatlar nümayiş etdirdiyi görünür.
Tehranda təqaüdçülər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yerləşdiyi küçədə yürüş təşkil ediblər. “İran İşçilərinin Azad Birliyi”nin “Telegram” kanalında yayılan videogörüntülərdə nümayişçilərin “korrupsiya azalsa, problemlər çözülər” və “haqqımızı alanadək küçədə qalacağıq” kimi şüarlar səsləndirdiyi eşidilir. Təqaüdçülər Tehranda nazirliyin yerləşdiyi küçədə, digər şəhərlərdə isə telekommunikasiya şöbələrinin önündə toplaşıblar. Sosial mediada paylaşılan başqa bir videoda isə piket keçirən təqaüdçülər “biz ədalət görmədik, təkcə yalan eşitdik” şüarını səsləndirirlər. Təqaüdçülər sığorta hüquqlarının tam yerinə yetirilməsini və digər ödənilşlərini tələb edirlər. Belə bir vəziyyətdə İranda Əmək Nazirliyinin rəsmi nümayəndəsinin Tehranın pensiya pullarının ödənməsi üçün İranın Fars Körfəzindəki bir neçə strateji adalarını sata biləcəyinə dair bəyanatı böyük maraq doğurub. Bu, ölkə ictimaiyyətində narazılıq və şübhə dalğası yaradıb. Nazirliyin Sosial Təminat departamentinin baş direktoru Səccad Padam “90Eghtesadi” saytına müsahibəsində deyib ki, İran dərin iqtisadi böhran şəraitində yaranmış maliyyə çətinlikləri ilə bağlı pensiya pullarının ödənməsi üçün Kiş və Qəşm adaları da daxil, Fars körfəzindəki bir neçə adanı satmağa məcbur ola bilər. Padam qeyd edib ki, büdcə çətinlikləri hökuməti bir sıra infrastruktur layihələri üçün nəzərdə tutulmuş vəsaitləri artıq pensiya ödənişlərinə yönəltməyə məcbur edib. Onun sözlərinə görə, bu səbəbdən tikinti işləri üçün nəzərdə tutulmuş 850 trilyon rialın (1.6 milyard dollar) yalnız 20 faizi bu məqsədə xərclənib. Padam qeyd edib ki, İran hətta sanksiyasız şəraitdə günə 3 milyon barrel neft satsa da, pensiya fondu ilə bağlı problem həllini tapmayacaq. Sanksiyalardan əvvəl İran günə 2.5 milyon barrel neft satırdısa, hazırda bu rəqəm 1 milyon barreldir. Bu azalma nəticəsində İran büdcəsi ildə təxminən 45 milyard dollardan məhrum olur.
Xatırladaq ki, İranda ötən yaydan bəri həyat səviyyəsinin enməsinə, maaşların vaxtında verilməməsinə və lazımi sosial təminatın olmamasına görə kütləvi antihökumət aksiyaları baş verir. İran qanunları işçilərin müstəqil həmkarlar təşkilatları yaratmasını qadağan edir. Bu vəziyyətdə Padamın bəyanatları sosial media şəbəkələrində geniş müzakirələrə səbəb olub. İranın siyasi şərhçilərindən Əhməd Zeydabadi “Telegram” kanalında yazıb ki, Padamın faktiki olaraq pensiya fondunun müflisliyinə dair verdiyi bəyanat ölkədəki iqtisadi vəziyyətin son dərəcə kövrək olduğunu göstərir. Keçmiş siyasi məhbus Həngamə Şahidi “Twitter”də Kiş və Qəşm adalarının potensialı barədə yazıb. Şahidi qeyd edir ki, bu adalardakı azad iqtisadi zonaların düzgün idarə olunması və onlara daha çox sərbəstlik verilməsi ölkəyə böyük turizm gəlirləri gətirə bilərdi: “Bu gəlir iranlıların istirahət və əyləncə üçün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və Malayziya kimi ölkələrdə xərclədikləri pulları əvəz edər və nəticədə İran iqtisadiyyatını mənfəətləndirə bilərdi”.
İqtisadi vəziyyətin pisləşdiyi bir vaxtda hakimiyyətin icbari hicab qaydasına əməl edilməsi üçün tədbirlərini gücləndirməsi Tehranın müxtəlif yerlərində hiddətlənmiş sakinlərin aksiyalara çıxması ilə nəticələnib. Paytaxtın Səttarxan, Aryaşəhr, Tehranpars və Kövhərdəşt Kərəc rayonlarında “Zülmkara ölüm, zəhmətkeşlərə həyat!”, “Xamneyiyə ölüm” və “Qadın, həyat, azadlıq!” şüarları ilə izdihamlı nümayişlər keçirilib. Buna bənzər etiraz aksiyaları İsfahan şəhərində də olub. Orada da siyasi məhbuslara və hazırda həbsxanada olan iranlı reper Tumac Salehiyə dəstək bildirən şüarlar səsləndirilib. Bəzi plakatlarda “Biz yenə gəldik, üsyan davam edir” və “Dini hökumətin axırı çatıb!” kimi şüarlar yazılıb. Tehranın Səttarxan rayonunda isə açıq şəkildə ali rəhbər ayətüllah Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib. Tehranın qərbində Aryaşəhrdə isə şüarlar əsasən İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı yönəlib. Küçələrdə hicabsız qadınların sayı artdıqca, şəhərin hakimiyyət orqanları İslam Respublikasının geyim kodeksinin daha sərt tətbiq edilməsi üçün tədbirlər keçirir. Tehran meri Əlirza Zəkani deyib ki, şəhər boyunca müşahidə kameralarının sayı artırılıb və hicabsız qadınlar metroya buraxılmır. Şərhçilər bildirirlər ki, İran hakimiyyəti 1979-cu ildən bəri hicab qaydasının tətbiqi sahəsində ən böyük çətinliklərlə üzləşib. Bu arada hicab qaydasını pozan məşhurlara qarşı hüquqi müstəvidə ən sərt tədbirlər görülür. Kino və televiziya aktrisaları Əfsanə Bayeqan və Fatimə Motamed-Aryaya qarşı ictimai yerdə hicabsız göründüklərinə görə cinayət işləri açılıb. Tehran Polisinin informasiya bürosu bildirib ki, bundan əvvəl aktrisalar Katayun Riyahi və Pantea Bəhrama qarşı da cinayət təhqiqatına başlanıb. Büro bildirir ki, aktrisalara qarşı işlər onların ictimai yerlərdə hicabsız görünməsinə və sosial media şəbəkələrində hicabsız fotolar dərc etməsinə görə açılıb. Aktrisa Əfsanə Bayeqan “Instagram” hesabından bunları yazıb: “Çox təəssüf ki, bizim ən gözəl və saf inanclarımız riyakarlığın, diktatorluğun, cəhalət və xəyanətin ayaqları altına atılıb. Bu gün mən vətənimin bütün övladları, kədərli anaların ürəkləri, həqiqət və aydınlıq naminə səsimi ucaldıram: Qadın naminə, həyat və azadlıq naminə, vətən və firavanlıq naminə!”. Şərhçilər qeyd edirlər ki, son vaxtlarda İranı bürümüş etiraz aksiyaları zəifləsə də, hicab qanununa müqavimət, əksinə güclənməkdə davam edir. Hakimiyyət “hicab və paklıq qanununa” riayət etməyən qadınları ağır cəzalarla hədələyir. Hökumət hicab qaydasını pozanları cəzalandırmaqla kifayətlənmir, hicab qaydasının pozulduğu ictimai məkanları – kafe, restoran, aptek və biznesləri bağlayır. Xatırladaq ki, İranda qadınların hicablanması 1979-ci ildən ayətullah Ruhulla Xomeyninin fətvası ilə məcburi elan edilib. Həmin vaxtdan bəri İranda qadınlar hicab qaydasına ən müxtəlif formalarda müqavimət göstərirlər. Lakin ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmini polis idarəsində öldükdən sonra hicaba qarşı müqavimət hərəkata çevrilib.
baki xeber