İsrail parlamentinin 32 deputatı xarici işlər naziri Eli Kohenə Güney Azərbaycanla bağlı təklif verib.
Belə ki, təklifdə Güney Azərbaycan Respublikasının yaradılmasına dəstək verilməsi çağırış öz əksini tapıb.
“Azərbaycanlılar İranda ən böyük milli azlıqdır, bu ölkədə onların sayı 20 milyon nəfərə çatır”, - deyən israilli deputatlar xarici işlər nazirinə ünvanladıqları məktubda rəsmi Tehranın İranda yaşayan azərbaycanlılara qarşı mədəni soyqırımı həyata keçirdiyini qeyd ediblər.
Məktub müəllifləri həmçinin bildirib ki, Güney Azərbaycanın azadlıq hərəkatı beynəlxalq dəstək alarsa, Tehrana ciddi zərbə vuracaq. Müstəqil dövlət yaranacağı təqdirdə isə artıq mövcud olan Azərbaycan Respublikası ilə birlikdə İsrailin regionda əsas müttəfiqinə çevriləcək.
İranın bölünməsinə çağıran bu məktub, əsasən, 120 üzvdən ibarət Knessetdə qatı sağçı və din tərəfdarı olan partiyaları təmsil edən deputatlar tərəfindən imzalanıb. Müraciəti imzalayanlar arasında İsrailin keçmiş Baş naziri Aviqdor Liberman da var.
Diqqətçəkən məqam isə bu təklifin İsrail xarici işlər naziri Eli Kohenin Bakıya səfərindən az sonra üzə çıxmasıdır.
Güney Azərbaycan türklərinin milli haqlarının İran rejimi tərəfindən pozulması və kütləvi repressiyalara məruz qalması daima beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb.
Bu baxımdan, Güney Azərbaycanın azadlığı məsələsinin İsrail parlamenti kimi nüfuzlu beynəlxalq qurumda qaldırılması kifayət qədər ciddi hadisədir. Knesset üzvlərinin xarici işlər naziri Eli Kohenə verdiyi bu təklif Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi baxımdan ilk xarici dəstək kimi qiymətləndirilə bilər.
TEREF.AZ-ın məlumatına görə, Türkiyədə yaşayan Güney azərbaycanlı milli fəal Məhsa Mehdili Cebhe.info-ya açıqlamasında bildirib ki, İsrail parlamentarilərinin müraciəti Güney Azərbaycan Milli Azadlıq Hərəkatının siyasi uğurudur:
"Lakin Güney azərbaycanlılar milli-azadlıq mübarizəsində başqa dövlətlərə deyil, xalqın iradəsinə və Azərbaycan dövlətinin mənəvi dəstəyinə güvənir. Əslində, Güney Azərbaycan milli hərəkatının mövcudluğu bir həqiqətdir.
Ancaq dünyada fərqli proseslər baş verir. Görünür, yaranmaqda olan yeni siyasi reallıqlar və dəyişikliklərlə bağlı bəzi dövlətlər bu məsələyə dəstək verməyi qərara alıb. İsrail parlamentarilərinin müraciəti çox həssas məsələdir. Əgər Güney Azərbaycan Milli Azadlıq Hərəkatının məqsədləri bəzi dövlətlərin maraqları ilə üst-üstə düşürsə, bu bizim uğurumuzdur.
Hesab edirəm ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatı heç kimin “arxa bağçası” olmamalıdır. Hər hansı bir dövlət bu məsələdən “siyasi kart” kimi istifadə etməyə çalışmamalıdır. Güney Azərbaycan Milli Azadlıq Hərəkatı xalqımızın ödədiyi bədəllərdən bəslənən, müstəqil bir mədəni fəaliyyətdir. Bu hərəkat daima öz müstəqilliyini qoruyub saxlamağa üstünlük verib, heç bir dövlətin siyasi oyuncağına çevrilməyib.
Bizim üçün bu dünyada Azərbaycan dövləti qədər ikinci doğma dövlət yoxdur. Ümumiyyətlə, başqa dövlətlərin maraqları ilə Güney Azərbaycanın mənafeyi üst-üstə düşürsə, bu çox böyük uğurdur. Eyni zamanda, biz müstəqil hərəkat olaraq dəstəyimizi xalqımızdan və Azərbaycan dövlətindən almışıq.
Azərbaycana dost olan ölkələr bizim də dostumuzdur. Amma bizim tək güvən yerimiz Azərbaycan dövlətidir. Bizim mədəni şəkildə, yəni silaha əl atmadan dividentlər əldə etməyimizə və məqsədimizə çatmağımıza kömək edən dostların olması müsbət haldır. Bu, bizim gələcəkdə daha güclü olacağımızdan xəbər verir. Bu o deməkdir ki, İran dövləti ilə bizim milli mənafeyimiz üst-üstə düşmür. İran özünə qədər düşmən qazanıb ki, bizə dəstək verənlərin sayının artacağını güman edirəm”.