Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası İranda edamların artmasını, insan haqlarının geniş və kobud şəkildə pozulmasını və zorakılıqda iştirak edənlərə diplomatik toxunulmazlığı pisləyən qətnamə qəbul edib. APA xəbər verir ki, qərar bu gün Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 47 üzv dövlətindən 23-nün səs verməsi ilə təsdiq edilib. Kuba, Çin, Pakistan və Vyetnam da daxil olmaqla 16 ölkə səsvermədə bitərəf qalıb, İnsan Hüquqları Şurasının 8 üzvü isə qətnamənin əleyhinə səs verib. Qətnamədə İranda insan haqlarının kobud, dəfələrlə və davamlı şəkildə pozulmasından dərin təəssüf hissi ifadə edilir, edamların sayının artması, o cümlədən xalq etirazlarında həbs olunanların edam edilməsi ilə bağlı narahatlıq ifadə edilir. Qətnamədə İranda “cins, etnik mənşə, din və ya siyasi fikirlərə əsaslanan sistematik ayrı-seçkilik və zorakılıq” pislənilib. BMT-nin İrandakı insan hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın da mandatı daha bir il uzadılıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani qətnaməni rədd edib, Cavid Rəhmanın səlahiyyət müddətinin uzadılmasını pisləyib. Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına riayət etmədiyi üçün işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb. Etirazlarda iştirakına görə, 4 nəfər edam edilib. İran təhlükəsizlik qüvvələri 500-dən çox etirazçını öldürüb.