Ermənistanın “Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan Zabitlər İttifaqı” bəyanat yayaraq, ölkənin hakimiyyət orqanlarından KTMT-yə dəstəklə bağlı sənədlər paketini imzalamağı və Ermənistan-Azərbaycan arasındakı bütün təmas xətti boyunca sülhməramlı kontingentin yerləşdirilməsi xahişi ilə Rusiyaya müraciət etməyi tələb edib.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, əsasını Ermənistan xüsusi xidmət orqanlarının keçmiş yüksək rütbəli zabitləri təşkil edən ictimai qurum Azərbaycanın hərbi tədbirlərə başlamasından ciddi şəkildə narahat olduğunu bildirib. Bu təşkilatın Rusiya xüsusi xidmət orqanlarının təsir dairəsində olması şübhə doğrumur.
Müəlliflər qeyd edirlər ki, 2022-ci ilin noyabrında Ermənistanın Baş naziri KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında sənəd layihəsini imzalamaqdan imtina edib. Lakin bundan sonra həm KTMT-nin baş katibi, həm də Rusiyanın xarici işlər naziri bəyan etdilər ki, KTMT missiyasının yerləşdirilməsi planı hələ də masadadır və o, 1-2 gün ərzində yerləşdirilə bilər.
Əslində, lazımi təhlükəsizlik və ərazi bütövlüyünə qarantiya olmadığı halda Ermənistan hakimiyyəti KTMT-nin yardım paketini qəbul etməyə borcludur.
"Mövcud reallıqları nəzərə alaraq, biz Nikol Paşinyana KTMT yardım paketinin imzalanması tələbi ilə müraciət edirik, lazım gələrsə, Ermənistan və Azərbaycan arasındakı bütün təmas xətti boyunca sülhməramlı kontingentin yerləşdirilməsi xahişi ilə KTMT-yə müraciət edirik. Ölkə üçün fəlakətli nəticələrə görə bütün məsuliyyət Paşinyanın üzərinə düşür”, - bəyanatda deyilir.
KTMT-nin yardımını qəbul etməkdən imtina etdiyi halda Ermənistan hakimiyyəti bu sənədlər paketini ictimaiyyətə açıqlamalı və imzalamaqdan imtinanın səbəblərini aydın şəkildə əsaslandırmalıdır. Həmçinin, əgər Baş nazir sənədləri imzalamaqdan imtina edərsə, o zaman Ermənistan Milli Assambleyasının bütün siyasi qüvvələrinə parlamentin təcili növbədənkənar iclasının çağırılması xahişi ilə müraciət etmək və bu məsələni gündəliyə salmaq lazım gələcək.