R.T. Ərdoğan və İnstagram davası haqqında
Əslində son illərdə dövlət başçıları ilə qlobal resurslar arasında bu formada dava təzə bir şey deyil.
4-5 il öncə Tramp ilə qlobal media resursları arasında baş verənlər unudulmamalıdır.
Son illərdə qlobal sosial media resursları (Facebook, İnstagram, YouTube və s.) xeyli siyasiləşib, ikili standartlar artıb. Bir çox hallarda bu resurslar vasitəsilə sərbəst fikir bildirməkdə problemlər yaranır.
Əsas səbəb isə MƏHZ bu resursların özləri tərəfindən uzun illər oturuşan və hamını qane edən prinsipin, "məzmuna istifadəçi cavabdehdir" prinsipinin pozulması olub.
Yəni qlobal resurslar məzmuna müdaxiləyə başladığı andan, ifadə azadlığına ikili standartlarla müdaxiləyə başladığı andan bu tip qapanmalar, kontentin silinməsi, "kontent saxta ola bilər" kimi işarələnməsi və s. reallığa çevrilib.
Məhz bu səbəbdən, sosial resursların hüdudsuz hakimiyyət əldə etməsindən dolayı 5 il öncə Tramp bu resurslarla bağlı ciddi bir tənzimləmə hazırlamışdı.
Prinsip ondan ibarət idi ki, əgər qlobal resurs artıq konteti redaktə edirsə, bu, artıq ifadə azadlığının pozulmasıdır, demək o özü senzordur və kontentə görə özü məsuliyyət daşımalıdır.
Yəni indiyədək mövcud olan " kontentə istifadəçi cavabdehdir" prinsipi pozulursa, onda qlobal resurslar da tənzimlənməyə cəlb olunmalıdır.
Tramp o zaman bunu reallaşdıra bilmədi.
İndi həmin məsələ Türkiyədə baş verib.
Meta şirkəti İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı Türkiyədəki paylaşımları İnstagram-dan silib.
Yəni qlobal resurs yenə kontentə müdaxilə edib, yenə "redaktorluq" edib.
Amma Meta Türkiyənin terrorçu hesab etdiklərilə bağlı çoxsaylı paylaşımları İnstagramdan silməyib.
Bu baxımdan İnstagramın qapadılması ilə bağlı Türkiyə hökumətinin, Prezident Ərdoğanın mövqeyi anlaşılandır.
Amma dövlət maraqlarının reallaşması istiqamətində Türkiyənin atdığı addımlar, "baltanın kökündən vurulması" çox sərt olub, ədalətli deyil, aşağıdakılar baxımından çox düşündürücüdür.
İnstagram Türkiyədə ən populyar, ən çox ictimai və biznes əhəmiyyəti olan sosial platformadır.
Türkiyədə milyonlarla insanın burada böyük biznesi var, milyonlarla insanlar burada işləyir. Türkiyə İnstagramı sadə bir şey deyil, milyonların "oturduğu" biznes və ictimai bir platformadır. İctimai fikrin formalaşmasına təsir edən bir platformadır.
Yəni Türkiyə cəmiyyəti üçün bu platforma yetərincə əhəmiyyətli bir resursdur.
Əlbəttə, Meta da Türkiyənin rəqəmsal bazarından milyonlar qazanır.
Bu baxımdan, problemin əvvəllər olduğu kimi, xəbərdarlıqlar, danışıqlar, müvəqqəti məhdudlaşmalarla, Meta ilə əməkdaşlıqla həll etmək doğru yanaşma olardı . Türkiyənin özünün də bu sahədə təcrübəsi var.
Ümid edirəm qısa zamanda problem öz həllini tapacaq və İnstagram Türkiyədə fəaliyyətini bərpa edəcək.
Düşünürəm ki, qlobal sosial media resursları "redaktor" səlahiyyətlərinə iddialı olduqca, ifadə azadlığına qarşı ikili standartlardan əl çəkmədikcə bu tip problemlər hələ çox davam edəcək.
Bunun həlli yolu tapılmalıdır.
Osman Gunduz
TEREF
 

Dünyapress TV

Xəbər lenti