
2050-ci ilə qədər dünya üzrə böyüklərin 60%-i, uşaq və yeniyetmələrin isə 31%-i artıq çəkidən və ya piylənmədən əziyyət çəkəcək.
Bu barədə Emmanuela Qakidou araşdırma aparıb. Mütəxəssis vəziyyəti “dərin faciə və cəmiyyətin monumental uğursuzluğu” adlandırıb. Onun sözlərinə görə 2050-ci ilə qədər Asiya və Afrikada piylənmənin kəskin şəkildə artacağı gözlənilir:
“Yüksək gəlirli ölkələrdə ən yüksək göstəricilər ABŞ, Çili və Argentinada proqnozlaşdırılır.
Avropada Yunanıstan piylənmə üzrə lider olacaq: qadınların 48%-i və kişilərin 41%-i 2050-ci ilə qədər hər dörd obez yetkindən biri 65 yaşdan yuxarı olacaq və bu, xüsusilə yoxsul ölkələrdə səhiyyə sistemlərinin yükünü artıracaq. Artıq piylənmə hər il 1,6 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur”.
Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsindəki proqnozda isə əks olunub ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək.
Bəs, piylənmə ilə mübarizə aparmaq üçün nə etməliyik?
Qida məsələləri üzrə ekspert İlkin Şirinov Bizim.Media-ya açıqlamasında piylənmənin əsas səbəblərindən danışıb.
"Dietoloqlar müxtəlif qidalanma üsulları təyin edirlər. Bu, anlaşılandır. Lakin hər insanın özünə, orqanizminə uyğun qidalanma mədəniyyəti var. Təəssüflər olsun ki, bu gün qidanın məkanına, saatına, baxmadan qəbul edirlər. Dəfələrlə şahid oluram ki, insanlar gecə on bir, on iki fəsfudlar, dönərlər alır, müxtəlif hazır qidalar qəbul edilir. Halbuki bu saatlar insan bədəninin rahat şəkildə dincələn vaxtıdır. Mənşəyini bilmədiyimiz qidaları qəbul edib, yuxu pozğuntusundan, narahatlıqlardan şikayət edirik. Nəticədə çoxumuz antidepresantlardan istifadə etməyə başlayırıq ki, bu da piylənməyə səbəb olur”, - o deyib.
Ekspert bildirib ki, insanlar gündəlik həyatda piylənmənin fərqinə varmırlar.
“Mütəmadi olaraq insanlara düzgün qidalanmağın yolları barədə çağırışlar edilir, xəbərdarlıqlar olunur, amma bununla belə yenə də onlar sağlamlıqlarına qarşı biganədirlər. El arasında istifadə olunan bir deyim var: Qarın doyur, amma göz doymur. Ən böyük problem də budur.
Alış-veriş mərkəzlərində müşahidə etsək görərik ki, insanların sərfiyyatı daha çox qida üzrədir.
Qidalanmaya sərf olunan pul onların sağlamlığı bahasına başa gəlir. Kütləvi qida bazarlığı insanların birbaşa qəsdinə dayanır. Bu da piylənməyə gətirib çıxarır. Sonra isə müxtəlif dietoloqlara müraciət etməyə başlayırıq”,-deyə İ.Şirinov fikrini yekunlaşdırıb.