Xroniki və nadir xəstəliklər üçün dərmanlar ucuzlaşacaq? - Açıqlama
Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin, bu sektoru təmsil edən “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib.
Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi və digər məsələlər müzakirə edilib.
Əgər qərar qəbul edilərsə, bu dərman qiymətlərinin ucuzlaşmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda dərman preparatlarının qiyməti digər dərman istehsal olunmayan ölkələrlə müqayisədə qat-qat bahadır. Qonşu Gürcüstanda da dərman istehsalı yoxdur. Amma orada dərmanların qiyməti Azərbaycanla müqayisədə çox ucuzdur. Ümumiyyətlə, ölkədə dərman qiymətləri qonşu Türkiyə və
“Gəlir dəfələrlə çox olduğu üçün iri dərman şirkətləri ölkəyə daha çox bahalı dərman preparatları gətirməyə üstünlük verirlər. Halbuki dövlətin məqsədi keyfiyyətli dərmanların gətirilməsinə şərait yaratmaqdır. Bazar daha da liberallaşmalıdır ki, rəqabət mühiti yaransın. Dərman vasitələrinə əlavə dəyər vergisi qiymətləri daha da bahalaşdırır. İdxal edilən dərman preparatlarına görə ödənilən yüksək rüsum da vətəndaşların cibindən çıxır”.
Ekspert qeyd edib ki, Azərbaycana dərman idxal edən şirkətlər onu birbaşa istehsalçıdan aldıqları qiymətə rəsmiləşdirmirlər:
"İstehsalçıdan alınan dərman preparatını başqa ölkədə yaratdıqları şirkətin adına həmin ölkəyə ixrac edirlər. Oradan isə baha qiymətə sənədləşdirərək ölkəmizə idxal edirlər. Faktiki olaraq qanunvericilik də buna imkan verir. Burada hər hansı qanun pozuntusu olmadığından, şirkətlər bu yolla daha çox qazanc əldə edirlər. Ona görə də dərman şirkətlərini buna vadar edən səbəbləri aradan qaldırmaq lazımdır".
Natiq Cəfərlinin dediyinə görə, hazırkı qiymətlər Tarif Şurası tərəfindən tənzimlənmiş qiymətlərdir:
“Mən Tarif Şurası tərəfindən dərman qiymətlərinin tənzimlənməsini doğru saymıram. Bu əks-effekt yaradır, dərmanların xaricdən daha ucuz, keyfiyyətsiz gətirilib burada baha qiymətə satılmasına səbəb olur. İkinci səbəb isə gömrük rüsumlarıdır. Ölkə daxilində istehsalı olmasa da, bizdə dərmanlara da gömrük rüsumu tətbiq edilir. Dərmanlara 15 faizlik gömrük rüsumu, 18 faizlik ƏDV (Əlavə dəyər vergisi) var. Biz isə idxaldan asılı olan ölkəyik. Demək olar ki, dərman preparatlarının 94 faizini xarici ölkələrdən gətiririk. Bu özü də ciddi problemdir. Əgər dərmanlar xaricdən gətirilirsə, bu qədər yüksək gömrük rüsumu və ƏDV olmamalıdır”.
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycan özü dərman istehsal etmir. Daxili tələbatın 99,6 faizini idxal hesabına ödəyir. Bu da dərmanların istehlakçılara çatırılmasında əlavə xərclər yaradır. Nəqliyyat xərcləri də kifayət qədər xərc yükü formalaşdırır:
“Bu xərclər Azərbaycanda tətbiq olunan vergi sistemi ilə əlaqəlidir. İndiki şərtlər daxilində yeganə tutarlı əsaslandırma, dərman təchizatı bazarında təməküzləşmiş iqtisadi mövqeyə malik şirkətlərin iştırakçılığı məsələsidir. Bu, bazarda təklifin limitləndirilməsinə, kartel sözləşmələrinə, qiymətlərin diktə edilməsinə, optimallaşma istiqamətində imkanları formalaşdıran fəaliyyət mühitinin pozulmasına gətirib çıxarır. Bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə səbəb olur. Hesab edirəm ki, bazarda 99,6 faizlik asılılıq varsa, vergi güzəştləri tətbiq olunmalıdır”.
 

Dünyapress TV

Xəbər lenti