Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq
Səhiyyə komitəsinin sədri bildirib ki, qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədi ilə hazırlanıb.
Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədi ilə hazırlanıb.
Ə.Əmiraslanov diqqətə çatdırıb ki, layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması şərtləri müəyyən edilib. Bundan başqa, dəyişikliklərdə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Qeyd edək ki, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb.
Layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilmiş və geniş şəkildə araşdırılıb. Layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının və dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə bir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub. Qanun layihəsinin qəbulu icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətlərin göstərilməsini təmin edəcək.
“Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq. Qanun layihəsi də bütün bu sistemli islahatların tərkib hissəsidir", - A.Vəliyev əlavə edib.

Xatırladaq ki, ambulator müalicə, xəstənin tibbi xidmətləri aldıqları gün evə qayıtdığı və xəstəxanada qalmasının lazım olmadığı bir müalicə formasıdır.
 

Dünyapress TV

Xəbər lenti