Su həyat mənbəyidir. Amma bunu bütün içməli sulara şamil etmək çətindir. Özəlliklə mağazalarda satışa çıxarılan suların plastik qablarda olması narahatlıq doğurur. Plastik şüşələrdəki steril, mineral tərkibli olduğunu düşünürək aldığımız suların nəinki içməyə, hətta məişətdə istifadyə də yararsız olduğu bildirilir.
Polietilen torbaların təbiətə və sağlamlığımıza ziyanı ilə bağlı həyəcan təbili çalan ekoloqlar plastik qabların da bir o qədər zərərli və ziyanlı olduğunu bildirilər.
Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, plastik qablarda içməli, xüsusilə də mineral suların satılması məqsədəuyğun deyil:
“Bu, hər şeydən əvvəl səhhətimizə ziyandır, sanitar-epidemioloji normalara ziddir. Özəlliklə mineral suların tərkibindəki bəzi kimyəvi birləşmələr plastik materialların təsirindən dəyişə bilər. Xüsusilə də onlar isti günün altında saxlanılanda problem yarada bilər.
Məsələn, 20 litrlik plastik qabların təkrar emal müddəti var. Yanılmıramsa bu, 50 dəfədən artıq olmalı deyil. Bundan başqa satışda içməli mineral sular da var ki, onların həqiqətən mineral su olub-olmadığı şübhə doğurur. Tərkibinin nə olduğu bilinmir. 20 litrlik su qablarını adətən, Kür suyu ilə doldururlar. Kür çayında da pestisidlər, herbisidlərdən başlamış müxtəlif növ kimyəvi maddələrin, mineral gübrələrin qalıqlarınadək xeyli ziyanlı birləşmələr var. Onlar da plastik qablara yığılıb uzun müddət saxlanılanda problem yaradır”.
Ekoloq deyir ki, polietilen torbalarla birgə plastik qablardan da imtina etmək lazımdır:
“Ümumiyyətlə, plastik qabların istifadəsi tamamilə aradan qalxmalıdır. Polietilen məhsullar kimi, plastik qabların da təbiətdə təbii yolla məhv olması üçün yüzlərlə il lazımdır. Çünki onlar olduqca möhkəm molekulyar tərkibə malikdir. Ona görə bu məhsulların tullantıları ciddi problemlər yaradır. Özəlliklə iaşə müəssisələrində bunun atıqları həddən artıq çox olur. İnsanların onları çökəkliklərə, dərələrə tullaması problemlər yaradır. Ən böyük tullantılar isə dənizə və okeanlara atılır. Bu səbəbdən də plastik kütlədən olan qabları mütləq sıradan çıxarmaq lazımdır”.
Ekoloq xatırladır ki, sovet dönəmində də plastik şüşələrdən istifadə qadağan idi:
“O zamanlarda içməli, xüsusilə də mineral sular plastik qablarda satılmazdı. İndi Avropada bu, tətbiq olunur. Çalışırlar ki, sular əsasən şüşə qablarda satışa çıxarılsın. Plastik şüşələrin təbiətə dönüşü çətin olduğu üçün artıq alimlər onlardan yararlı məqsəd üçün istifadə yolları axtarırlar.
Bildiyim qədərilə, Norveç alimləri o məhsullardan hidrogen almağa başlayıblar. Ümid edirəm, tezliklə bu, kütləvi hal alacaq. Çünki gələcəkdə avtomobil yanacağı kimi hidrogenə ehtiyac duyulacaq”.