Mağazalarda tez-tez vaxtı keçmiş məhsulların satışının şahidi oluruq. Bu məhsulların istehlakı isə sonda qida zəhərlənməsinə gətirib çıxardır.
İddialara görə, vaxtı keçmiş malların üzərinə mağazalarda yenidən kağız vurularaq yeni “son istifadə tarixi” yazılır.
Bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu barədə Bakıvaxtı.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanda əmtəə bazarında satılan bütün mallar etiketlənməli, bükülməli, üzərində buraxılma və son yararlılıq tarixi kimi məlumatlar olmalıdır.
Onun sözlərinə görə, bu, istehlakçının mal haqqında məlumat almaq hüququnun təmin olunması və təhlükəli saxta malların satılmasının qarşısının alınmasıdır:
“Lakin görürük ki, müasir Azərbaycan marketlərində konfetlər qutulara tökülüb açıq satılır. Hər həftə bundan mənə şikayətlər gəlir ki, konfeti açırıq içindən qurd çıxır”.
Ekspert izah edib ki, hər bir ədəd konfetin üzərində buraxılma tarixini yazmaq mümkün olmur. Bu cür malların buraxılma və yararlılıq müddəti onların öz qabalaşdırmasınıın üzərində olur və onların vaxtı keçdikdə öz qablaşdırılmasından qutulara tökürlər. Bununla da köhnə mallar satılır və beləcə istehlakçılar zəhərlənmənin qurbanı olurlar:
"Ona görə də orta insan ömrü uzunluğu baxımından biz 190 ölkə arasından 115-ci yerdəyik. "Biz nə yeyiriksə, oyuq" aksiomunu əsas götürsək, görərik ki, heç də təhlükəsiz qida yemirik. İstehlakçılar belə mallardan şübhələndiyi halda 1003 qaynar xətti ilə AQTA-ya məlumat vermələri tövsiyə olunur”.
Qida eksperti Ağa Salamov isə Bakıvaxtı.az-a bildirib ki, buraxılma və son istehsal tarixi məhsulun üzərinə istehsalyönümlü müəssisə tərəfindən vurulmalıdır. Bəzi hallarda istehsalat məhsullarının üzərində vaxtı keçmiş məhsullara etiketlər vururlar ki, bu artıq vicdan işidir.
A.Salamov qeyd edib ki, bu məhsullar insanları zəhərləmək əvəzinə məhv olunmalıdır və əgər vaxtı keçibsə qanunla satışdan yığışdırılmalıdır.
Onun sözlərinə görə, amma bəzi sahibkarlar buna dırnaqarası yanaşır, etiketləri, vaxtı dəyişirlər ki, bu da nəticədə insanların qida zəhərlənməsinə gətirib çıxarır:
“Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən geniş addımlar atılır, mütəmadi olaraq yoxlamalar keçirilir. Ancaq sahibkarlar öz işlərinə məsuliyyətsiz yanaşırlar. Məsələn qutularla məhsullar qalır, vaxtı keçir. Vaxtını dəyişib yenidən satışa çıxardırlar. Belə hallar aşkarlandıqda həmin müəssisələr cərimələnir”.
"Bəzən də görürük ki, son istifadə tarixini əllə yapışdırırlar. İnsanlar məhsulun üzərində şirkətin adı, ünvanı göstərilmirsə, bu məhsullardan uzaq olsunlar”, - deyə Ağa Salamov əlavə edib.
Mina Mikayılova