Uşağını ana südü ilə qidalandıran analarla yanaşı, bunun əksini edənlər də var. Bəzən isə analar körpələrinə ana südü ilə yanaşı uşaq qidalarından da verirlər. Bu gün satışda müxtəlif növ və müxtəlif qiymətə uşaq qidaları mövcuddur.
Bu qidalar barədə zaman-zaman müxtəlif fikirlər səsləndirilir, onların uşaqlar üçün zərərli olduğu deyilir. Hətta bir sıra uşaq qidaları da var ki, onların tərkibində soya olduğu, bunun isə GMO bir komponent olduğu deyilir ki, bu da körpə uşağın orqanizmi üçün təhlükəli hesab olunur. Bir sıra psixoloqlar uşaq qidalarının marketlərdə əl çatan yerdə saxlanılmasını məsləhət görmür. Çünki bu, qidaları görən və süd verən analara psixoloji təsir göstərir və onların südü azalır. Belə olan təqdirdə isə yalnız ana südü ilə doymayan uşaqlara bu qidalardan almaq məcburiyyəti yaranır. Baş çəkdiyimiz marketlərdə uşaq qidaları əl çatan və diqqət cəlb edən yerlərdə satılırdı. Onların qiyməti isə 3 manatdan başlayıb 65 manatadək dəyişir. Uşaq qidaları arasında daha çox satılanlar "Humana”, "Cabrita”, "Nutrilon”, "Heinz”, "Nestle”, "Aquşa”dır. Bu qidaların bəzilərinin tərkibində keçi südü var ki, bu da xeyirli sayılır.
Maraqlıdır, ümumiyyətlə, uşaqlar doğulduğu vaxtdan neçə müddət ərzində ana südü ilə qidalanmalıdır? Ümumiyyətlə, satışda olan uşaq qidaları zərərlidirmi?
Qida məsələləri üzrə ekspert Ağa Salamov Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.
“Uşaqlara körpəlik dövrlərindən verilən süni qidalar inək südündən hazırlanır və bu da parçalanmış zülal olmadığı üçün uşaqların immun sistemində çaşqınlıq yaradır. Ana südündə olan komponentlər, qida dəyəri həmin süddə yoxdur, olması mümkün də deyil. Ana mütləq şəkildə öz südündən körpəsinə verməlidir. Çox təəssüflər olsun ki, bu süni qidaları uşaqlara verirlər və bu immun sistemində də çaşqınlıq yardığına görə belə uşaqlar kənardan gələn virus və bakteriyalara açıq olurlar. Həmin sintetik qidaların genini uşaq orqanizmində aktivləşdirdikdə bu onlarda problemlər yaradır”.
Ekspert bildirib ki, sintetik qidalardan istifadə gələcəkdə körpələrdə şəkərli diabet, ürək problemləri, immun sistemi pozğunluqları və s. kimi xəstəliklərə səbəb ola bilər. Eyni zamanda ekspert belə qidaların uşaqlarda asılılıq yaratdığını da deyib. Süni qidanın qəbulundan sonra təkrarən ana südünün verildiyi təqdirdə körpənin bunu qəbul etməməsi ehtimalı yüksəkdir.
“Digər tərəfdən bu qidaların körpələrə verilməsi maddi baxımdan da ailənin büdcəsinə mənfi təsir göstərir. Bu məsələdə qazanan sadəcə süni, sintetik qidaları istehsal edən şirkətlər və faiz alan həkimlərdir. Bu şəxslər pul uğrunda genefondumuzu məhv ediblər”.