Alimlər müəyyən ediblər ki, həddindən artıq spirtli içki qəbul edən gənc qadınlarda koroner ürək xəstəliyi riski daha yüksəkdir.
Medicina.az bildirir ki, “News Medical Life Sciences”də yer alan xəbərə görə, tədqiqatçılar ABŞ-ın Kaliforniya ştatındakı bir tibb müəssisəsində müalicə alan, 18-65 yaş arasında olan təxminən 243 mini kişi və 189 mini qadın olmaqla, 430 mindən çox xəstədən toplanmış məlumatları təthlil ediblər.
Tədqiqatçılar 2014 və 2015-ci illərdə rutin qiymətləndirmələrində xəstələrin bildirdikləri spirt qəbulu səviyyələri ilə 2015-ci ildən sonrakı 4 il ərzində qoyulan koroner ürək xəstəliyi diaqnozları arasındakı əlaqəni təhlil ediblər.
Tədqiqatçılar müəyyən ediblər ki, orta yaşı 44 olan və tədqiqat zamanı ürək xəstəliyi olmayan iştirakçılardan 3 108-də bu müddət ərzində koroner ürək xəstəliyi yaranıb. Tədqiqatçılar həftədə səkkiz dəfədən çox spirtli içki qəbul edən gənc qadınların daha az spirtli içki qəbul edənlərlə müqayisədə ürək xəstəliyi riskinin yüksək olduğunu qeyd ediblər.
Araşdırmalar göstərir ki, ən çox xəstələnmə riski “son 3 ayda gündə 3 dəfədən çox spirtli içki qəbul edən qadınlarda və ya gündə 4 dəfədən çox spirtli içki qəbul edən kişilərdə”dir. Həddindən artıq spirtli içki qəbul edən qadınların ürək xəstəliyi tapmaq riski orta dərəcədə spirtli içki qəbul edənlərə nisbətən 68 faiz daha yüksəkdir.
Tədqiqat çərçivəsində yüksək miqdarda spirtli içki qəbul edən qadınların orta miqdarda alkoqol istehlak edən qadınlarla müqayisədə ürək xəstəliyi riskinin 29 faiz, az miqdarda spirtli içki qəbul edənlərlə müqayisədə isə 45 faiz daha çox olduğu müəyyən edilib.
Tədqiqatçılardan biri olan kardioloq Camal Rana həddindən artıq spirtli içki qəbul edən kişi və qadınların ürək xəstəliyi riskinin ən yüksək olduğuna diqqət çəkib.
“Həddindən artıq alkoqol istehlak etmədikdə belə qadınlarda risk daha yüksəkdir. Biz yaşlı qadınlarda riskin artdığını gördüyümüz üçün gənc yaş qrupundakı qadınlardan belə bir nəticə gözləmirdik. Bu, tamamilə təəccüblüdür”, - kardioloq bildirib.
Tədqiqatın nəticələri “American College of Cardiology”nin aprelin 6-da keçirəcəyi konfransda təqdim olunacaq.