Körpələrimizə yedirtdiyimiz zəhər -
Süni uşaq qidaları yeni doğulan körpələrin qidalanması üçün istifadə edən məhsullar sırasında ilk yerdədir. Lakin bunun uşaqlar üçün faydalı olmadığını iddia edənlər də var. Maraqlıdır, pediatrlar məsələ barədə hansı fikirdədir?

TEREF xəbər verir ki, mövzu ilə əlaqədar pediatr Aytən İsmayılzadə “Yeni Sabah”a danışıb. Onun sözlərinə görə, süni qidanı ana südü ilə əvəz etmək daha faydalıdır:

“Son günlər süni qidalarla bağlı müxtəlif müzakirələr aparılır. Ümid edirəm ki, vaxt keçdikcə doğum evlərində də bu kimi məhsullar analara təklif edilməz. Ümumiyyətlə süni qidanı ana südü ilə əvəzləmək lazımdır. Ancaq bizdə vəziyyət tərsinədir, ana südü ilə süni qidanı əvəz edirlər. Bu isə çox təəssüfləndirici bir haldır. Doğum evlərində mütləq donor süd bankları olmalıdır. Həmin banklarda olan ehtiyatlar yeni doğum edən ancaq südü hələ gəlməyən analara təklif edilə bilər. Sual yaranır: Donor bankına süd necə yığılacaq? Südü bol olan analar doğum evindən çıxan zaman bu banka kifayət qədər süd bağışlaya bilərlər. Bu proses reallaşarsa, çox yaxşı olar. Bir neçə müddətdir ki, sözügedən təkliflə çıxış edirəm. Ancaq təəssüflər olsun ki, bu məsələyə baxılmır”.

Pediatr vurğulayıb ki, süni qidalar apteklərdə açıq şəkildə satılmamalıdır:

“Körpələrin mədə-bağırsağına daxil olan süni qidalar müxtəlif xəstəliklərin yaranmasın səbəb olur. Onların orqanizmində allergik fon güclənir. İmmun zəifliyi ilə bağlı xəstəliklər ortaya çıxır. Bütün bunlar kimyəvi tərkibli dərman vasitələrinin qəbuluna səbəb yaradır. Həmin proses də gələcəyimiz olan uşaqların sağlamlığını zədələyir. Ona görə də, ilk olaraq doğum evlərində süd bankı yaradılmalı, süni qidaların reklamına ciddi nəzarət olunmalı, 1 və 2 nömrəli qidaların sosial platformalarda reklam edilməsi qadağan olunmalıdır. Bu hallara riayət olunmazsa, həmin firmalara töhmət verilməli, yaxud cəza tətbiq edilməlidir. Belə reklamları görən analar həmin qidaların sağlam və zərərsiz olduğunu düşünərək istifadə edirlər. Beləliklə, onların istifadəsi genişlənir. Apteklərdə də bu məhsul açıq şəkildə satışa çıxarılmamalı, şkafda saxlanılmalıdır. Həmçinin, ana südünü artırmaqla bağlı seminarlar, məsləhətçilərin təlimlərinə daha çox yer verilməli, zaman ayrılmalıdır. Doğum evlərində bu cür məsləhətlərin verilməsi üçün “Ana südü məsləhətçisi” kursunu keçən şəxslərə iş verilməlidir ki, anaları maarifləndirsinlər”.
 

Dünyapress TV

Xəbər lenti