"Ermənistan Baş naziri Nikol Paşinyan “Azərbaycanın hərbi əməliyyatlar hazırladığını, bunu həm də Qarabağda planlaşdırdığını iddia etmək üçün ilkin şərtlər var” iddiasını irəli sürüb". DİA.AZ bildirir ki, bu barədə politoloq Asif Nərimanlı "Şərq"ə açıqlamasında deyib. Ekspert bildirib ki, Baş nazir bununla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Rusiya Azərbaycanı yeni əməliyyata sövq edir” iddiasını bir qədər yumşaq formada davam etdirib: "Son proseslər fonunda İrəvanın siyasətində bir xətt aydın sezilir. Ermənistan anti-Rusiya siyasətini açıq müstəviyə keçirir. Qərbə yönələn siyasi oriyentasiyasını inkişaf etdirir. Bakını Moskva ilə eyni səbətə qoymaqla Azərbaycan-Ermənistan münasibətlərində Qərbin İrəvandan yana siyasətini təmin etməyə çalışır. Ekspertlərə görə, Paşinyanın “Azərbaycan əməliyyata hazırlaşır” iddiası da Laçın yolunda baş verənlər fonunda beynəlxalq diqqəti Qarabağda “humanitar” fəlakətə yönəltməyə hesablanıb. Lakin bu, həm də prosesin inkişafı istiqamətini də müəyyən edir: Ermənistan “Qarabağda “humanitar fəlakət” iddiasını BMT Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxara bilsə də, praktik nəticə əldə edə bilmədi. Prezident İlham Əliyev Ermənistan və dəstəkçilərinin növbəti cəhdə hazırlaşdığını bildirdi. TŞ-də yenidən müzakirələrin keçiriləcəyi gözlənilir. Hərçənd, Moskvanın sülhməramlılarını yerləşdirdiyi bölgəyə müdaxiləyə veto hüququnu qoymaq, eləcə də Bakının razılığının vacibliyi amili növbəti cəhdin də praktik nəticəsinin olacağı ehtimalını azaldır. Bu situasiya fonunda Qarabağda mümkün müharibənin başlanması Ermənistana imkan verəcək ki, Azərbaycana qarşı ittihamlar irəli sürsün. Həmçinin Rusiyanın Qarabağda təhlükəsizliyi təmin edə bilmədiyini iddia etsin. Eyni zamanda BMT missiyasının bölgəyə göndərilməsi zərurətini əsaslandırsın. Bu baxımdan, Qarabağdakı silahlı ermənilərin ciddi təxribatlar törədə biləcəyi istisna deyil".