Azərbaycan sentyabrda Qarabağda keçirilən genişmiqyaslı anti-terror əməliyyatı zamanı “Artsaxın” iki keçmiş təhlükəsizlik məmuru – Samvel Babayan və Vitali Balasanyanla atəşkəs barədə danışıqlar aparmaqdan imtina edib. Bu barədə oktyabrın 18-də Ermənistanın “Joxovurd” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bu məlumata görə, separatçıların lideri Samvel Şahramanyan sentyabrın 19-da vəziyyətin gərginləşdiyi zaman Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin müavini ilə əlaqə saxlayıb. O, atəşkəs elan edilməsini və erməni tərəfindən əsas nümayəndəsi qismində Samvel Babayanla danışıqlara başlanılmasını təklif edib.
Nəşrin yazdığına görə, Azərbaycan tərəfi razılaşmayaraq, Babayanı “yalançı və dezinformasiya yayan şəxs adlandırıb və onu Ermənistana göndərməyi təklif edib”. Daha sonra Şahramanyan Vitali Balasanyanı təklif edib, amma Bakı bununla da razılaşmayıb.
Azərbaycan son nəticədə bütün namizədləri rədd edərək deyib ki, atəşin dayandırılması üçün yalnız bir şey tələb olunur – “DQR”-in buraxılması haqqında bəyanatın imzalanması. “Joxovurd” yazır ki, sonda belə olub.
“Turan” agentliyinin haqlı olaraq qeyd etdiyi kimi, bu vəziyyətdə bir sual qaranlıq olaraq qalır: Bakı Azərbaycana qarşı döyüşən və onun ərazilərinin işğalında iştirak edən Babayan və Balasanyanın Qarabağı tərk etməsinə niyə icazə verdi? Məsələn, Samvel Babayan Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin komandanı olub. 1992-ci ildə Şuşanı işğal edən bölmələrdən birinə komandirlik edib.
Vitali Balasanyan Xocalının işğalında və Xocalı sakinlərinin qətliamında iştirak edib. O, Ağdamdan xocalılılara köməyə gələn Azərbaycan qüvvələrini qarşısını almalı olan dəstəyə də rəhbərlik edib. Əsgəran rayonunun məhz Balasanyanın nəzarətində olan ərazisində yüzlərlə Xocalı sakini qətlə yetirilib, əsir götürülüb.
Siyasi şərhçi Murad Sadəddinov Pressklub.az-a açıqlamasında ilk olaraq qeyd edib ki, sentyabrın 19-da Qarabağda genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi ilə bağlı qiymətləndirmə ilə razı deyil.
Onun fikrincə, bu, məhdud anti-terror tədbiri idi və bu tədbir zamanı Azərbaycan öz ərazisində yerləşən qeyri-qanuni erməni dəstələrini tərksilah etmək üçün silahlı qüvvələrinin kiçik, cüzi bir hissəsindən istifadə edib.
“Bu, Ermənistan tərəfinin müvafiq bəndinə əməl etmədiyi 2020-ci ilin Üçtərəfli Bəyannaməsi əsasında edilib.
Samvel Şahramanyanın bəyanatı və “Joxovurd” qəzetində “öz mənbələrinə” istinadən dərc olunan məlumatlara gəlincə qeyd etmək istəyirəm ki, bu, həqiqətə tamamilə uyğun deyil. Biz erməni tərəfinin saxta xəbərlərdən həmişə necə bacarıqla istifadə etdiyini görməyə öyrəşmişik. Mümkündür ki, Qarabağdakı separatçı hərəkatın keçmiş liderlərinin Samvel Babayanla problemləri olub. Müsahibələrindən də görürük ki, o, onları müxtəlif yanlış addımlarda ittiham edir. Və görünür, onun bəyanatlarına və ittihamlarına hansısa formada cavab vermək üçün Şahramanyan fürsətdən istifadə edərək, Ermənistan ictimaiyyətinin gözündə Babayanın nüfuzunu ən azı müəyyən dərəcədə sarsıtmaq istəyir.
Qoyulan suallara gəlincə, hesab edirəm ki, Azərbaycan tərəfi belə danışıqlar təklifləri qəbul etməyəcəkdi. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı bəyan etmişdi ki, qanunsuz silahlı birləşmələr silahı yerə qoymayana, müxtəlif növ separatçı strukturlar “səlahiyyətlərindən” imtina etməyənə və təşkilatlarını ləğv etməyənə qədər Azərbaycan bu əməliyyatı dayandırmayacaq.
Yəni, Bakı açıq şəkildə şərt qoymuşdu ki, separatçılar öz strukturlarını ləğv etməlidirlər. Və belə də oldu.
Burada, bir çox filmlərdə göstərilən sovet qoşunlarının Berlini tutması anını xatırlayırıq. O zaman da artıq mühasirəyə alınmış alman silahlı qüvvələri danışıqlar və s. bağlı müxtəlif təkliflər irəli sürürdülər. Və o zaman da Moskvanın mövqeyi qəti idi – tam və qeyd-şərtsiz təslim. Hesab edirəm ki, bu, bizim vəziyyətimizlə müəyyən qədər müqayisə oluna bilər”, – Sadəddinov deyir.
“DQR” özünü ləğv etdikdən sonra Bakı mülki əhaliyə (yeri gəlmişkən, onların arasında Azərbaycana silahlı müqavimət göstərən çoxlu hərbi qulluqçular da var idi) ölkəmizin ərazisini tərk etmək imkanı verib, – o, davam edir.
“Azərbaycana qarşı uzun müddət vuruşan S.Babayan və V.Balasanyanın Qarabağı tərk etməsinə icazə və imkan verməsinə gəlincə, mən bu fikirlə razı deyiləm. Düşünürəm ki, belə bir fürsət olsaydı, Azərbaycan bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında olan separatçı hərəkatın liderləri kimi, onları da həbs edib məsuliyyətə cəlb edərdi”, – o davam edib.
“Düşünürəm ki, uzun müddət Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş və əraziyə yaxşı bələd olan həm Samvel Babayan, həm də Vitali Balasanyan hansısa çoban cığırları ilə Qarabağı tərk edərək, Ermənistan ərazisinə keçə biliblər.
Hazırda Azərbaycanda bir çox cinayətlər, o cümlədən Xocalı cinayəti ilə bağlı aparılan məhkəmə prosesləri bir çox yeni faktlar və sübutları üzə çıxaracaq, onlara qarşı ayrı-ayrılıqda ittihamlar irəli sürüləcək və onlar beynəlxalq axtarışa veriləcək. Əgər sözsüz ki, hələ axtarışa verilməliyiblərsə. Və zaman keçdikcə – əlverişli şərait yaransa, biz onları həbs edib məsuliyyətə cəlb edə biləcəyik”, – deyə siyasi müşahidəçi hesab edir.